14:45, 20 İyul 2018 (Cümə) 237

"Sərhədsiz Reportyorlar" Avropa liderlərinə müraciət etdi

«Sərhədsiz Reportyorlar» təşkılatı Azərbaycan prezidenti İlham Əliyevin Parisə ikigünlük səfəri zamanı bəyanatla çıxış edib.

Təşkilat Avropa liderlərini Azərbaycanla münasibətlərin qurulmasında mətbuat azadlığına hörməti nəzərə almağa çağırıb.

«Sərhədsiz Reportyorlar» Əliyevin iyulun 20-də Emmanuel Makronla nahar edəcəyinə diqqət çəkir.

Bəyanatda bu görüşə qədər İ.Əliyevin Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında «Tərəfdaşlığın prioritetlərinə dair» danışıqları tamamlamaq üçün rəsmi dairələrdə qəbul edildiyi qeyd olunur. Deyilir ki, Avropa Parlamentinin 4 iyul tarixli qətnaməsinə baxmayaraq, AB ilə imzalanacaq sənəddə insan hüquqları ilə bağlı konkret tələblər yoxdur.

Bəyanat müəllifləri bildirir ki, Mətbuat Azadlığı İndeksinə görə, 180 ölkə sırasında 163-cü yerdə olan Azərbaycan müstəqil jurnalistlərin təqibini davam etdirir.

«Prezident Əliyev Avropada irəliləməyə davam edir, hərçənd, ölkədə mətbuat azadlığının boğulması hələ heç vaxt belə yüksək həddə olmamışdı», - bəyanatda bildirilir.

«Artıq vaxtı çatıb ki, Avropa liderləri Azərbaycanla münasibətlərini rəsmi Bakının beynəlxalq öhdəliklərinə riayət etməsiylə şərtləndirsinlər. Bu şərtlərin sırasında qanunsuz həbs olunmuş jurnalistlərin azad edilməsi və müstəqil KİV-lərin təqiblərinə son qoyulması da daxil olmalıdır», - «Sərhədsiz Reportyorlar» bildirir.

Bəyanatda «son qurbanlar» arasında Azel.tv-nin rəhbəri Əfqan Sadıqovun adı çəkilir, deyilir ki, 18 ay saxta ittihamlarla həbs çəkmiş jurnalist azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə çox aktiv idi və bu il iyulun 6-da yenidən saxlanılıb. Beş gün sonra vəkili və ailə üzvləri onun xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs olunduğunu öyrənə biliblər.

Sənəddə deyilir ki, mətbuata daha bir hücum Gəncə şəhərində baş verən hadisələrlə bağlı olub. Bu hadisələrdən sonra Baş Prokurorluğun təşəbbüsü ilə, məhkəmə qərarı olmadan 4 saytın bloklandığı vurğulanır və bunların arasında müxalif Müsavat Partiyasını dəstəkləyən, insan hüquqlarının pozulması, seçki saxtakarlıqları, korrupsiya barəsində yazan bastainfo.com saytının da adı çəkilir.

Saytın rəhbəri Mustafa Hacıbəylinin 5 gün ərzində hər gün prokurorluqda dindirildiyi, iyulun 14-də isə saytın başqa əməkdaşlarının da prokurorluğa cağrıldıqları qeyd edilir.

Bəyanat müəllifləri bildirirlər ki, hakimiyyət 2017-ci ilin martından artıq bir neçə aparıcı müstəqil xəbər saytlarına çıxışı məhdudlaşdırıb, ən populyar KİV-lər maliyyə və ya güc yolu ilə qapadılıb, KİV-lərə dəstək verən QHT-lərə cinayət təqibləri olub.

Hazırda ən azından 11 jurnalist və iki bloqqerin həbs olunduğu deyilir.

Bəyanatda KİV-lərdə fikir müxtəlifliyini aradan qaldıran Əliyevin xaricə qaçan media tənqidçilərini orada da təqib etdirdiyi bildirilir.

İ.Əliyevin Fransa səfəri ərəfəsində yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ölkənin prezidentinə müraciət edərək görüş zamanı Azərbaycanda insan haqları sahəsindəki çoxsaylı problemləri, siyasi məhbus məsələsini, xüsusən də REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxmasını diqqətdə saxlamağa çağırmışdılar.

Yerli hüquq müdafiəçiləri ölkədə 160-dək siyasi məhbus olduğunu deyirlər.

Hakimiyyət isə Azərbaycanda vətəndaşların siyasi baxışlarına görə təqib olunmadığını, konkret törətdikləri cinayətlərə görə həbs edildiklərini bildirir. Rəsmi Bakı insan haqları sahəsindəki tənqidləri də qəbul etmir.
Azadlıq Radiosu