10:30, 11 Yanvar 2017 (Çərşənbə) 136

Səngəçalda qaz kəməri yenidən partladı

Səngəçalda qaz kəməri yenidən partladı
Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verdiyi bildirilir.

Bu barədə məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib. Ancaq rəsmi qurumlar bu məlumatı, hələlik, təsdiqləməyiblər.

Qəzanın Səngəçal qəsəbəsi ərazisindəki 125 atmosferlik qaz kəmərində meydana gəldiyi bildirilir.

Bu haqda da Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbər verib.

Hadisənin hansı səbəbdən törədiyi bəlli deyil. Qaz kəmərində meydana gələn partlayışla bağlı yanğın, hələ söndürülməyib. Yanğın şüalarını uzaqdan müşahidə etmək mümkündür.

SOCAR-dan açıqlama

SOCAR Səngəçalda qaz kəmərində baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanvarın 10-u axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları – Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

"Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb. Bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır” - deyə açıqlamada qeyd edilir.

Hadisə yerində olan AzadlıqRadiosu-nun əməkdaşının bildirməsinə görə, yanğın söndürülüb. Ancaq polislər yanğın yerinə 1,5 kilometr qalmış post quraraq jurnalistləri geri qaytarır.

Qeyd ecək ki, bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır.

Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

"2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir", - şirkət qeyd edirdi.

Eyni yerdə ikinci yanğın isə yanvarın 2-də baş vermişdi.
 
 
mənbə:azadliq.org