"Ev almaq üçün müraciət edən jurnalistlər xeyli sayda sənəd saxtakarlığına yol vermişdi və saxta staj yazdıranlar da çox idi”.
Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Göründüyü kimi, ortada sənəd saxtakarlığı faktının olduğu iddia olunur. Maraqlıdır, görəsən, bu saxtalaşdırmaya görə Baş Prokurorluğa müraciət olunubmu, bununla bağlı cinayət işi açılacaqmı?
Ayaz Mirzəyev: "Saxtalaşdırma kimi xoşagəlməz hal var"
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müşahidə şurasının üzvü Ayaz Mirzəyev Toplum Tv-yə açıqlamasında deyib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməyib:
"Bu artıq vicdan məsələsidir. Onsuz da həmin saxta sənədləri təqdim edənlər ev siyahısına düşməməklə bir növ cəzalanıb. Bildiyiniz kimi, biz KİVDF-nin müşahidə şurasına yenicə üzv seçilmişik. Jurnalistlərin sənədlərinin müəyyənləşməsi, onların redaksiyalarında iclasların keçirilməsi və namizədlərin müəyyən olunması prosesində biz iştirak etməmişik. Amma mən bildiyimə görə, bu fakt ciddi neqativ bir hal kimi qəbul olunub , amma məsələ ilə bağlı baş prokurorluğa müraciət olunmayıb. Həmin jurnalistlərə mədəni formada deyilib ki, sizin sənədləriniz yerində deyil, sənədləriniz saxtadı və siz rəsmi komissiyanı aldatmağa cəhd göstərmisiniz. Bu, yolverilməzdir. Həmin media nümayəndələrinin də adı bildiyiniz kimi, heç ev almağa namizəd olanların belə siyahısına salınmayıb. Burada komissiya kifayət qədər prinsipial mövqe nümayiş etdirib".
"Prokurorluğa müraciət olunmasının şəxsən mən də tərəfdarı deyiləm. Təsəvvür edin, komissiyaya 2000 minə yaxın namizəd müraciət edib və onlardan misal üçün təxminən 200-300 nəfəri sənədini saxtalaşdırıb. Onların hamısı prokurorluğa təqdim etmək xüsusilə jurnalistlərin bayramı, Milli Mətbuat Günü ərəfəsində heç də xoş qarşılanmazdı. Saxtalaşdırma kimi xoşagəlməz hal var, amma mən burada cinayət əməli görmürəm. Bu, sırf jurnalistin vicdanı ilə bağlı bir məsələdir. Onsuzda həmin saxta sənədləri təqdim edənlər ev almağa namizədlər siyahısına düşməməklə bir növ cəzalanıblar", - A.Mirzəyev bildirib.
"Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”
Hüquqşunas Ələsgər Məmmədli isə açıqlamasında qeyd edib ki, Cinayət Məcəlləsində sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır.
Onun sözlərinə görə, jurnalist, əslində, ev üçün müraciət etməməlidir: "KİVDF rəhbərliyinin, eləcə də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin mətbuata açıqlamalarından öyrəndik ki, bəzi jurnalistlər ev almaq üçün müəyyən saxtakarlığa yol verib, əmək kitabçalarını saxtalaşdırıb, müəyyən digər sənədləri də saxtalaşdıraraq stajlarını yüksək göstəriblər. Təbii ki, bu informasiyanı dövlətin rəsmi qurumlarının təmsilçiləri verdiyi üçün onlara etibar etməkdən başqa yolumuz yoxdur. Bu halda hansı hüquqi addımlar atılmalı idi? İlk növbədə, bu informasiyanın mediada yayılıb-yayılmamasına baxmayaraq, Baş Prokurorluğa müraciət olunmalı və araşdırılmalı idi. Çünki Cinayət Məcəlləsində sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Bu baxımdan da həmin şəxslər haqqında cinayət məsuliyyəti qaldırılmalı idi. Əslində gec deyil. Cinayət Məcəlləsində bir müddəa var ki, əgər mediada yayılan informasiyaların tərkibində hər hansı cinayət əməli ehtimalı varsa, prokurorluq bununla bağlı istintaq başlaya bilər".
"Düşünürəm ki, istər cənab Əli Həsənovun, istər Vüqar Səfərlinin açıqlamalarının hər ikisində sənəd saxtalaşdırılması və xüsusilə dövlət sənədi kimi tanınan əmək kitabçalarının saxtalaşdırılması halının olduğu qeyd olunur. Bu faktlar prokurorluğa təqdim olunmalıdır, prokurorluq məhz bu mediadan yayılan informasiyanı əsas kimi götürüb, cinayət işi başlamalıdır”, - hüquqşünas deyib.
Ə.Məmmədli xatırladır ki, 2014-cü ildən sonra QHT təmsilçiləri məhz bu iddialarla həbs olunmuşdular: "Bu məsəslə son iki-üç ildə cəmiyyətin gündəminə oturub. Əgər fərqli düşünən, insan hüquq və azadlıqları sferasında fəaliyyət göstərən QHT təmsilçilərinə qarşı bu iddialar olursa, o zaman niyəev almaq üçün sənədlərini saxtalaşdıran "jurnalistlər” məsuliyyətdən kənarda qalmalıdır? Jurnalist, əslində, ev üçün müraciət etməməlidir. Onların öz peşə etik kodeksi bunu qadağan edir. Mətbuat Şurasının etik kodeksi var. Onun 4.1-ci maddəsi jurnalistlərin bahalı hədiyyə almasını, bilavasitə onun fəaliyyətinə kölgə salacağı şübhəsi ilə qadağan edir. Ona görə də mən bu şəxslərə dirnaqarası jurnalist deyirəm. Bu fəaliyyət əgər varsa, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Ayrıseçkilik olmamalıdır. Kimlərsə bu maddə ilə məsuliyyətə cəlb olunur, kimlərinsə əməli sadəcə neqativ hal adlandırılır”.
"Saxta staj daha ciddi ittihamdır”
Hüquq müdafiəçisi, keçmiş "vicdan məhbusu” Rəsul Cəfərov da açıqlamasında araşdırmanın zəruri olduğunu vurğulayıb: "Əslində bu məlumatın mətbuatda getməsi kifayət edir ki, müəyyən araşdırma aparılsın. Amma ehtimal edirəm ki, burada söhbət hüquq verən sənədlərin deyil, ev üçün lazım olan sənədlərin saxtalaşdırılmasından gedir. Bu da ağır cinayət sayılmır. Amma hər bir halda bunu dəqiqləşdirmək və həqiqəti müəyyən etmək üçün araşdırma aparılmalıdır. Saxta staj daha ciddi ittihamdır və bu onu göstərir ki, ev almaq istəyən şəxslər təkcə özləri deyil, həm də stajı yazdıran hüquqi şəxsləri də qayda pozuntusuna cəlb etmiş olublar. Araşdırma zəruridir”.
İyulun 20-də prezident İlham Əliyevin qərarı ilə 255 media əməkdaşına mənzil hədiyyə edilib.
Alya A.
Toplum.Tv
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.