17:05, 22 Yanvar 2018 (Bazar ertəsi) 250

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti oldu

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti oldu
Bu gün, yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.

Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətlərinin də tam şəkildə təsdiqləndiyi bildirilir.

S.Seyidov ilk dəfə 2013-cü ilin yanvarında AŞPA vitse-prezidenti seçilmişdi.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün, yanvarın 22-də keçirilən toplantısında həmçinin, qurumun yeni prezidenti seçilib. Bundan sonra AŞPA-nın prezidenti italiyalı deputat Mikele Nikoletti olacaq.

AŞPA prezidenti Pedro Aqramunt ötən il oktyabrın 6-da rəsmən vəzifəsindən istefa vermişdi. Ötən ilin aprelində AŞPA Bürosu onu iclasa gəlmədiyinə, Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə və Bəşər Əsədlə görüşü haqqında açıqlama vermədiyinə görə vəzifəsinin icrasından kənarlaşdırmışdı.

AŞPA sessiyası yanvarın 26-da başa çatacaq.

Toplantıda Avropada milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi və bəzi ölkələrdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinə də baxılmalıdır.