11:25, 16 İyul 2018 (Bazar ertəsi) 113

Selin vurduğu ziyan hesablanır

Selin vurduğu ziyan hesablanır
İyulun 14-də axşam saatlarında güclü leysan Qazax rayonu ərazisində fəsadlar törədib. Bu barədə Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir:

«Vətəndaşlara məxsus fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, bağlara və Qazax şəhərinin parklarına, Uşaq Əyləncə Mərkəzinə sel suları dolub. Küçə və yolları sel suları yuyaraq yararsız hala salıb, kanalizasiya xətlərini sel suları doldurub, elektrik xətlərində yaranmış qüsurlar nəticəsində elektrik verilişində fasilələr yaranıb. Qazax şəhərində 6 ədəd iri ağac yıxılıb, şəhər təsərrüfatına ziyan dəyib».

Qazax RİH-in məlumatına görə, təbii fəlakət zamanı 9 nəfər sakin zərər çəkib, güclü leysan yağışları nəticəsində şəhərin Ş.Xiyabani, Azadlıq, Ə.Qədirov, N.Nərimanov yaşayış massivi, Ağköynək kəndində məskunlaşmış Məzəm, Quşçu Ayrım və Birinci Şıxlı kənd sakinlərinin evlərinə ziyan dəyib, sel suları evləri yararsız hala salıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri və komissiya üzvlərinin zərər dəymiş ünvanlarda olduqları deyilir.

Məlumatda fərdi yaşayış evlərinin zirzəmisinə, həyətlərə dolan sel sularının nasos vasitəsilə çıxarıldığı, əhaliyə, təsərrüfatlara dəyən ziyanın hesablandığı bildirilir.