19:54, 23 Noyabr 2017 (Cümə axşamı) 23

Şəki sakinləri evlərinin söküləcəyindən narahatdır

Şəki sakinləri evlərinin söküləcəyindən narahatdır
"Evlərimizi sökürlər. Etiraz edirik, həbs edirlər, cərimələyirlər”. Şəkinin 21-ci rayon, Salman Mumtaz küçəsinin sakini Zəka Məmmədsoy belə deyir.

Qışın günü 1000-dən çox insanı evsiz qoymaq istəyirlər
Z.Məmmədsoydan əlavə, həmin küçədə 450-dən çox ailə yaşayır. Sakinlər küçənin 1000-dən çox sakininin olduğunu deyirlər.

"Bu insanlar qışın günü küçədə qalmalıdır? Düzdür, sənədimiz yoxdur. Amma Şəki Şəhər İcra Hakimiyyəti 2006-cı ildə bu torpaqları bizə 20 illik icarəyə verib. Vaxtın tamamlanmağına 9 il qalıb. Dövlət Fondunun torpaqlarıdır, amma bizə deyildi ki, 1-2 otaqlı evlər tikin, sonra sənədləşdirilər. Biz də o vaxtdan ev tikib yaşayırıq”, - sakinlər bildirirlər.

Bu millət az oyuncaq olmayıb hakimiyyətin əlində
Zəka Məmmədsoy deyir ki, hər iki övladı bu evdə dünyaya göz açıb. İllərdir kommunal haqqı, vergi verir. Bugünədək kimsə ona "burada yaşamaq olmaz” deməyib:

"Bu yaxınlarda gəldilər ki, bəs çıxmalısınız evlərdən. Gah dedilər, ərazidə Zərifə Əliyeva adına park salınacaq, gah dedilər ərəblərə satılıb, gah da dedilər ki, İlham Əliyevin sərəncamı ilə oyuncaq zavodu tikiləcək. Bu millət az oyuncaq olmayıb hakimiyyətin əlində. Onların kifayət qədər oyuncaqları var, neyləyirlər oyuncaq zavodunu, yeni oyuncaqları?”

Evlərimizin yerində nə edəcəklərini ölçüb-biçirlər
Sakinlər bildirirlər ki, əllərində 20 illik icarə müqaviləsi var. Düzdür, torpaqlar onlara sahibkarlıqla, təsərrüfatla məşğul olmaq üçün verilib. Ancaq ev tikib yaşamalarına da bir söz deyən olmayıb: 

"Çünki təsərrüfat üçün qaz lazımdır. Bizə qaz xətti vermədilər. Odur ki, camaat da icarəyə götürdüyü torpaqda ev tikib yığıldı içinə. Günlərdir məhəlləmizdə polis qarovul çəkir. Gah da evlərə, həyətlərə girib, ölçü götürürlər. Evlərimizin yerində nə edəcəklərini ölçüb-biçirlər. Soruşuruq plan nədir? Deyirlər, bilmirik. Adam da bilmədiyi şeyi ölçüb-biçər?”

Sakinlər ötən həftə bütün bunlara etiraz olaraq Şəki Şəhər Məhkəməsinin qarşısına toplayıb etiraz ediblər. Yolu bağlayıb, problemlərindən danışıblar:

"Polis gəldi, imkan vermədi. Nəticədə Azər Şamxalov adlı bir nəfər sakini həbs edib, 20 sutka verdilər. 3 nəfər isə inzibati qaydada cərimələndi. Deyirlər, biz nə edirik edək, siz səsinizi çıxarmayın. Nə Şəki şəhər İcra Hakimiyyəti, nə də polis bizə nəsə deyir. Bizimlə insan kimi davranmırlar. Nəzərə almırlar ki, heç kim kefindən gəlib sənədsiz yerdə ev tikməz. Hamı istəyər ki, çoxlu pulu olsun, gedib yaxşı yerdən, sənədli torpaq alıb, ev tiksin. Əgər bir ölkədə, bir şəhərdə sənədsiz tikilən evlər artırsa, bunun günahı sadə insanlarda deyil, idarəçilikdədir. İnsanları kasıb salan da elə normal olmayan idarəçilikdir. Yoxsa bizim niyə pulumuz olmasın, niyə kasıb olaq ki?”

Zəka Məmmədsoy deyir ki, əgər ərazi sökülsə, 450 ailə evsiz qalacaq. Hər ailə də təxminən 4-5 nəfər var: 
"Düşünün, bu qışın günü nə qədər insanı küçəyə atırlar. Biz bütün aidiyyatı qurumlara yazmışıq, zəng etmişik, durumumuzu anlatmışıq. Heç kimdən kömək gəlmir, cavab almırıq. Anladıq, hökumət bizi saymır, eşitmir, axı biz hüquq müdafiəçilərinə, müxalifət partiyalarına da yazmışıq. Heç olmasa, mənəvi dəstək versinlər, yanımızda olsunlar, işıqlandırsınlar, dərdimizi dinləsinlər. Bir dəfə gəlsinlər, qapımızı açsınlar, çox acınacaqlı durumda yaşayırıq. Bu qədər insanı sabah küçəyə atsalar, heç birimizi gedəsi yerimiz, açası qapımız yoxdur”.

Sakinlər nə edəcəklərini bilmədiklərini deyirlər. Çarəsiz olduqlarını söyləyirlər:

"Biz nə edək? Polisi vuraq, intihar edək, yoxsa evimizi sökməyə gələndə od vurub özümüzü yandıraq? Çarəsizlikdən tükənmişik, uçuruma doğru gedirik”.

Şəki Şəhər İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, hələ həmin ərazidə bir nəfərin də evinə toxunulmayıb:

"Heç kimin evi sökülməyib. Sadəcə nəzarət edirik. Şəkinin hər yerində mövcud qanunvericiliyə əsasən, qanunsuz tikililərə xəbərdarlıqlar edilib. Onlara da həmçinin. Yoxsa kimsənin evi sökülməyib, kimsəyə zor tətbiq edilməyib, güldən artıq söz deyilməyib”.