16:21, 16 Fevral 2018 (Cümə) 955

"Seçkidə saxtakarlığa yol vermiş şəxslər mükafatlandırılır" - ŞƏRH

"Seçkidə saxtakarlığa yol vermiş şəxslər, dövlət başçısı tərəfindən mükafatlandırılır”

Prezident seçkiləri ilə əlaqədar seçki pozuntularına baxılması üçün Baş Prokurorluğun yanında işçi qrupu yaradılıb. 

Bunu fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrlərinə təşkil etdiyi seminar-müşavirədə «Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri» mövzusunda çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. 
 

Onun sözlərinə görə, qrup seçki ilə bağlı şikayətlərə baxacaq: "Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək”.

2013-cü il prezident seçkilərinə nəzərən müşavirdə bildirilib ki, seçki zamanı apelyasiya məhkəmələrinə 24 şikayət daxil olub. Ancaq şikayətin detalları və çıxarılan qərarlarla bağlı məlumat verilməyib.

Hüquqşünas Xalid Bağırov Toplum.Tv-yə deyir ki, 2005-ci ildən sonra müxalifətin xeyli qələbə qazandığı və qələbələrin ortada olduğu dairələr var idi: "Müxalifətin qazandığı faktını ləğv edə bilməzdilər deyə Baş Prokurorluq məcburən seçki dairələrinin sədrlərinə cinayət işi başlatdı. Bildirildi ki, onlar saxtakarlığa yol veriblər. 2010-cu ildən sonra isə bir cinayət işi başladılmışdı, Vidadi İsgəndərli barədə. Mən 2010-cu ildən indiyə kimi seçki komissiyalarının necə cəzalandırıldığını, cinayət məsuliyyətinə cəlb olunduğunu xatırlamıram. Bildiyim görə, 2005-ci ildə olub. Məsələn, Sumqayıtda Flora Kərimovanın qələbə qazandığı dairədə olmuşdu. Seçki komissiya üzvlərini cinayət məsuliyyətinə cəlb etdilər ki, niyə müxalifətin namizədi Flora Kərimova qələbə çalıb. Baş Prokurorluq məhkəməni bura niyə qatıb bilmirəm. Məhkəmə ali orqandır, başqa işləri araşdırır. Prokurorluq isə cinayətləri araşdırmalıdır. Azərbaycanda keçirilən seçkilərin özü cinayətdir”.
 

Hüquqşünas müşavirədə səslənən "verilən şikayətin detalları və çıxarılan qərarlarla bağlı məlumat verilməyib” fikrinə də münasibət bildirib: "Şikayətləri biz hazırlamışıq, mətbuatda da bununla bağlı xeyli məlumat gedib.  "Detalları açıqlanmayıb” demək nə anlama gəlir, onu anlamıram. 2013-cü ildə namizədlər əsasən İlqar Məmmədov, Cəmil Həsənli, Rüstəm İibrahimbəyov idi. Həmin dövrdə bu şikayətlərlə bağlı mətbuat eninə-boyuna yazdı. Hansı detal açıqlanmayıb? Bu detalın açıqlanmamasının Baş Prokurorluğa nə aidiyyatı var?”.

Deputat Elman Məmmədov isə məsələni belə şərh edib: "Baş Prokurorluğun yanında yaradılan bu səlahiyyətli kommisiya məhsuliyyətini dərk edərək, məsələlərə hüquqi cəhətdən düzgün yanaşır. Nəticələrini də müvafiq orqanlar, maraqlı tərəflər bilir. Komissiya da işini düzgün qurub, qanuna əsaslanaraq qərarlarını verir”.
 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı hesab edir ki, bu, formal bir işdir: "Seçki qanunvericiliyinə görə, saxtakarlıqlara qarşı mübarizə aparmalı olan məntəqə, dairə var. Seçki Komissiyası bu istiqamətdə əsaslı bir iş görmür. Eyni zamanda Baş Prokurorluq tərəfindən yaradılan qrupun da həmin səlahiyyətli qurumlar kimi adı var, beynəlxalq təşkilatlara göstəriş üçün yaradılan qurumlardır. Mən azı 2010-cu ildən sonra MSK-a tərəfindən bir saxtakarlıq faktının belə nəzərə alınıb, nəticələrin ləğv olunması halını görməmişəm. Məntəqənin nəticəsi ləğv olunub, amma bir dairənin nəticələrinin ləğv olunduğunu görməmişik”.

Onun sözlərinə görə, bu halı ancaq lazım gələndə müxalifət nümayəndələrinə aid ediblər: "İndi isə hakimiyyətin belə bir istəyi yoxdur. Ona görə də, yaranan hər hansı qurumun iş görəcəyinə, saxtakarlıq faktı ortaya qoyacağına inanmıram. Adətən, seçki saxtakarlığına yol vermiş adamlar, 1-2 ay sonra dövlət başçısı tərəfindən mükafatlandırılır, ya da onlara amnistiya tətbiq olunur”.

Gülzar N. Məmmədli
Toplum Tv