12:01, 18 Fevral 2018 (Bazar) 665

Seçki qanunvericiliyini kim və necə pozur? - VİDEOREPORTAJ

"Təşviqat vaxtı başlamayıb axı... Bu nə tələskənlikdir?!"

Aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin təşviqatı rəsmi olaraq martın 19-da başlayacaq. Amma bir həftədən çoxdur ki, sosial şəbəkələr və media vasitəsilə dəstək çağırışları edilir. Çağırışçıların arasında ictimai fiqurlar, dəstək qrupları, dövlət rəsmiləri, təşkilatlar və dini qurumlar da var.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xütbələrdə  İlham Əliyevin namizədliyinə çağırış edilməsi üçün axund və imamlara göstəriş verib: "Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olunacaq".

Seçki məsələləri üzrə ekspert Anar Məmmədli praktikada dövlət, bələdiyyə və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin təbliğatda iştirakının seçki qanunvericiliyə uyğun olmadığını deyir. Anar Məmmədli Azərbaycanda dövlət məmurlarının dolayı da olsa, təşviqat prosesində iştirak etdiyini, hakim partiyanı dəstəkləyən çağırışlar etdiyini də əlavə edir. 

Ekspert yaradıcı şəxslərin və qurumların çağırış etməsində qanuni bir məhdudiyyət olmadığını və bunun sadəcə ictimai qınaqla bağlı məsələ olduğunu deyir. Lakin din xadimlərinin seçkiyə müdaxiləsi qanun pozuntusudur. Qanuna əsasən hərhansı din xadimi və ya icma siyasi partiyanı dəstəkləyə bilməz. Bu o deməkdir ki, din xadimləri partiya namizədlərinin təşviqatı ilə də məşğul ola bilməzlər.

Bəs media qurumları bu çağırışları tirajladığı halda qanunu pozmuş sayılırmı?

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, indiki mərhələdə kütləvi informasiya vasitələrinin yalnız informasiyalaşdırma funksiyası var, istənilən pozitiv və ya neqativ təbliğat yolverilməzdir. Təşviqat vaxtı rəsmi olaraq başlamadığı üçün bu fəaliyyətlər qanun pozuntusu sayılır.

Seçkiöncəsi çağırışlar haqda paytaxt sakinlərinin də fikirlərini soruşduq. Müsahiblərimizdən bunu cəmiyyətə basqı olaraq qiymətləndirən də oldu, çağırışların qərarına təsir etməyəcəyini deyən də.(daha ətraflı videodan izləyin) 

Mərkəzi Seçki komissiyasının sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkiləri ilə bağlı iclasda "Seçki məcəlləsi" və digər qanunvericilik aktlarının pozuntusuna yolverilməyəcəyini deyib.

Qanunvericiliyə əsasən, seçkiqabağı təşviqat seçkilərə 23 gün qalmış başlayır və seçki günündən  24 saat  öncə yekunlaşır.

İzzətxanım Cabarlı
Toplum.Tv