20:01, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 28

Saxlanan cəbhəçi fəal vəkili ilə görüşüb

Saxlanan cəbhəçi fəal vəkili ilə görüşüb

Bu gün, oktyabrın 10-u vəkil Yalçın İmanov Binəqədi rayonundakı təcridxanada saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyevlə görüşüb.

Bu barədə "Azadlıq Radiosu"na danışan vəkil Yalçın İmanovun sözlərinə görə, Ramid Nağıyev ona deyib ki, məntəqədə 4 nəfər iki nəfərlik kameraya yerləşdirilib. Cəbhəçi televizorun olmamasından və yeməklərin keyfiyyətsizliyindən də şikayətlənib.

R.Nağıyev vəkilinə bildirib ki, oktyabrın 3-ü Binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsinə çağırılıb. Deməsinə görə, həmin gün axşamadək bölmədə saxlanılıb, şəklini çəkib, əl-barmaq izlərini götürüblər. Ailə üzvləri, qohumları haqda da sorğu-sual edilib.

Bir gün sonra bölmədən yenə zəng gəldiyini bildirən cəbhəçinin sözlərinə görə, əl izlərinin keyfiyyətli alınmadığını deyərək, onu yenidən bölməyə dəvət ediblər.

"R.Nağıyev polis əməkdaşları ilə Biləcəridəki polis məntəqəsinin qarşısında görüşüb. Onu deməsinə görə, mülki və polis geyimində olan 6 nəfərə zorla maşına basıb 6-cı polis bölməsinə aparıblar", – vəkil vurğulayıb.

Cəbhəçinin deməsinə görə, bölmədə yüksək səslə telefonla danışması, söyüş söyməsi, onu intizama dəvət edən polisin tələbinə tabe olmaması barədə protokol tərtib edilib. Binəqədi rayon Məhkəməsinə aparılan R.Nağıyev 25 sutkalığa inzibati qaydada həbs edilib.

Yalçın İmanov R.Nağıyevin həbsindən apellyasiya şikayəti verəcəyini bildirib.

Ötən həftə 6 AXCP üzvü inzibati qaydada həbs edilib.

Onlar Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev, Cabbar Savalanlı və Fizuli Hüseynovdur.

Vəkilin bu açıqlamasına, hələlik, Binəqədi rayon Polis İdarəsi və məhkəmədən münasibət almaq mümkün olmayıb.

"Azadlıq.org"