21:09, 15 İyun 2018 (Cümə) 159

Şamaxıda növbəti torpaq sürüşməsi baş verib

Şamaxıda növbəti torpaq sürüşməsi baş verib
Şamaxının daha bir kəndində torpaq sürüşməsi baş verib. 

"APA" xəbər verir ki, Şamaxının Zaradxeybəri kəndində baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Kənd sakinlərinin sözlərinə görə, son bir ay ərzində intensiv yağan  yağışlar nəticəsində dağlardan gələn sel suları Zaradxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb. 

Eyni zamanda yağışlardan sonra kəndin əsas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 40 kilometr şimalda yerləşən və Şamaxı ən ucqar dağ  kəndi olan Zaradxeybəri kəndinin avtomobil yolunun 3 hissəsində baş verən torpaq sürüşməsi nəticəsində iri yarğanlar əmələ gəlib. Bəzi yerlərdə yarğanların dərinliyi 2 metrə çatır. Elə bu səbəbdən kəndə gediş-gəliş tamamilə məhdudlaşıb.

Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub. Körpünün su ötürücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.

Sakinlər bildirib ki, hər il belə güclü leysan yağışları yağanda kəndin yolu bağlanır və nəticədə günlərlə rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Kənd sakinləri tərəfindən Şamaxı rayonun icra hakimiyyətinə məlumat verilib. İcra hakimiyyəti tərəfindən kəndə ağır texnikalar və canlı qüvvə göndərilib,  körpünün bərpasına başlanılıb.