12:00, 09 Noyabr 2016 (Çərşənbə) 155

“…sadəcə, fikirləşir ki, pul var, ev var, maşın var...” - Qismət Məmmədzadə

Qismət Məmmədzadə: "Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti iqtidarı tərifləməklə məşğuldur” 
 
Hazırda Almaniyada mühacir həyatı yaşayan müğənni Qismət Məmmədzadə Toplum.Tv-nin "Məcburi sürgün" layihəsinin qonağıdır. 
 
Onunla müsahibəni təqdim edirik:

- Xoş gördük sizi verilişimizdə.

- Hər vaxtınız xeyir. 

- Siz əvvəlki müsahibələrinizdə qeyd etmişdiniz ki, Almaniyadan ölkəyə qayıdacaqsınız. Qərarınızı dəyişdirməyinizə səbəb nə oldu?

- Əslində, qərarımı dəyişdirməyimə bir şey səbəb olmadı, sadəcə, insanın həyatının axışı bəzən planlaşdırdıdığı kimi olmur. Adam bir şey fikirləşir, zaman  başqa şeyi göstərir. Məndə də belə oldu. Düzdür, başqa ciddi səbəblər də var, amma hazırda onlar haqda deyə bilməyəcəm . Sadəcə onu deyim ki, hələ ki Almaniyada mənim üçün yaxşıdır, çünki  burada həkimlər xəstələrə ciddi yanaşırlar. Mən o vaxt demişdim ki, yoldaşımda müəyyən səbəblərə görə psixoloji problemlər var idi, ona görə də biz buraya gəlmişdik . Bakıda doğru-düzgün bir həkim tanımıram, bəlkə də var, amma mənim rastıma çıxmayıb və rastıma çıxanlar da bizim işimizi yaxşı görməyiblər. Almaniyada isə insan güvənir. Axı alman keyfiyyətidir... Sonra isə hər şey qaydasında getdi və biz  qayıtmaq istəmədik.

-Yəni bunun başqa səbəbləri yoxdur, sadəcə, həyat şəraiti ilə əlaqədardır?

- Əslində, var. Həyat şəraiti ilə əlaqədar maraqlı bir şey var; hərdən insanlar  fikirləşir ki, Almaniyaya gələnlər buraya, sadəcə,  yaxşı həyat üçün gəlirlər. Tamam, bu, doğrudur, ola bilər. Amma bir az təvazökarlıqdan uzaq olsa da, bu faktdır  ki, mən ölkədə tanınmış müğənni idim, qurduğum bir düzən vardı. Bütün bunları atıb Almaniyada yaşamaq üçün çox ciddi bir səbəb lazımdır, yəni bu, boş-boşuna olmur. Heç kim deyə bilməz ki, mən buraya pulsuzluqdan gəldim, maddi şəraitim pis idi. Sadəcə, elə şeylər var ki, mən istəmirəm insanlar bilsin. Çünki Azərbaycan xalqında belə bir yanaşma var: "Yazıq, buna bax başına nələr gəldi”. Mən özümü acındırmaq istəmirəm. Şəxsi problemlərim mənə məxsudur. Ona görə bəzi şeylər adamın içində qalır və onları deyə bilmir. 
 
- Artıq bir ildir ki, Almaniyada mühacir həyatı yaşayırsınız. Bu dövr necə keçdi? Alışa bilirsinizmi? Nə işlə məşğul olursunuz?

- Mənim üçün əslində, bu, ilk dəfə deyil.  Azərbaycanda 90-cı illərin sonlarında  vəziyyət çətin olduğundan  mən qazanc  məqsədilə Rusiyaya getmişdim və sonralar Moskvadan Bakıya qayıtmışdım. Mənim üçün başqa ölkədə yaşamaq heç vaxt çətin olmayıb. Təbii ki, cahillik olan ölkələrdə yaşamaq bir qədər çətin olur. Amma harada ki, həyat şəraiti yaxşıdır, yəni ən azından qanun var və intellektli insanlar daha çoxdur, orada yaşamaq həmişə asandır. O ki qaldı nə işlə məşğul olmağıma ,vallah, hələ ki bir işlə məşğul olmuram. Bakıda nə edirdimsə, burada da onu edirəm. Müğəninin işi nə ola bilər?! Ancaq mahnı oxumaq,  öz səsi ilə pul qazanmaq.  Başqa bacarığım da yoxdur ki, onu edim onunla pul qazanım.

- Ölkədə olanda həm müxalifəti, həm də iqtidarı tənqid edirdiniz. Son vaxtlar isə müxalifəti dəstəkləyən statuslar yazırsınız. Siz mühacirətə gedəndən nə dəyişib, müxalifət dəyişib, yoxsa sizin müxalifətə olan münasibətiniz?

- Müxalifəti dəstəkləyən statuslar yazmamışam, sadəcə, iqtidarı tənqid edən statuslar yazmışam demək daha doğru olar. Əgər müxalifətlə mənim fikirlərim üst-üstə düşürsə, burada bir şey edə bilmərəm, çünki onlar da iqtidara müxalifdir, mən də. Amma heç bir müxalif partiya və yaxud təşkilatın üzvü deyiləm və onlarla yaxından-uzaqdan əlaqəm yoxdur. Sadəcə, fikirlərimiz üst-üstə düşür. Heç vaxt onları dəstəkləmək istəməmişəm, çünki Azərbaycandakı müxalifət mənə bir az qeyri-səmimi gəlir.

- Bütün aktivliyiniz sosial şəbəkə üzərindəndir. Belə çıxır ki, acığınızı status yazmaqla çıxırsınız. Daha fəal olmaq üçün sizə nə mane olur?

- Sizə bir şey deyim: burada yaşayan azərbaycanlıların çoxu bilirsinizmi nə ilə məşğuldur?! İqtidarı tərifləməklə. İqtidar hesabına, onlardan alınan pullarla iqtidarı tərifləyən konsertlər, proqramlar, gecələr təşkil edirlər. Bu insanlar içində dediyinizi eləmək çox çətindir, çünki insanın ətrafında bir komanda olmalıdır ki,  nəyəsə nail ola bilsin. Düzdür, bir şeylər etmək istəyənlər var. Məsələn, Nrünberqdən belə bir neçə nəfər tanıyıram, amma onların da imkanları çox məhduddur, çünki insanlar onlara qoşulmur. Hətta insanlar bəzən mənimlə də əlaqə saxlamağa tərəddüd edirlər, çünki Bakıya gedib-gəlirlər və düşünürlər ki,  bu, onlara problem yarada bilər. O qədər müştəbehdirlər, düşünürlər ki, kim harada, kiminlə danışıbsa, kiminlə münasibəti varsa, Azərbaycanda hamısını yoxlayırlar. İnsanlarda bir xof var ki, hava limanında onları tutacaqlar. Almaniya kimi demokratik bir ölkədə yaşamağına baxmayaraq, yenə də ürəklərində xof var və belə şeylərdən uzaqdırlar. Tək əldən də səs çıxmaz. Məsələn, bu ilin mart ayında məni bir konsertə çağırdılar və dedilər ki, bu konsertdən toplanan məbləğ siyasi məhbusların ailələrinə çatacaq. Mən bilmədim ki, o pullar, həqiqətən, siyasi məhbus ailələrinə verildi, ya yox. Ən azından konserti təşkil edənlər mənə belə məlumat vermişdi. Və mən gedib orada heç bir qonorar almadan oxudum. Mən bunu bacarıram, bacardığım nədirsə, onu edə bilərəm, amma dəvət etmirlər. Belə başa düşürəm ki,  burada mənim əqidədaşlarım o qədər də çox deyil, çox olsaydılar, mütləq bundan istifadə edərdilər...

- Sizcə, mühacirətə getməklə nə qazandınız və nə itirdiniz?

- Hazırda 36 yaşım var. Bilirəm ki, bir də dünyaya gəlməyəcəm. Düzdür, Azərbaycanda  məşhurluq, pul, qazanc, hər şey yaxşı idi, amma... Elə adamlar var ki, elə götürək Azərbaycan şou-biznesinin 90 faizini, mən hələ sizə hörmət edib 90 faiz deyirəm. Mənə görə 99,9 faizi, sadəcə, fikirləşir ki, pul var, ev var, maşın var və başqa heç bir şey lazım deyil. Hər hansı bir münasibət bildirmək, etiraz etmək, bunlar mənlik deyil.  Elə adamlar da var ki, pul qazanmasına baxmayaraq, ölkədə gedən siyasi-iqtisadi proseslər onları narahat edir və qazancı belə düşünmür. Mən, yəqin ki, həmin insanlardanam. Bəzi adamlar deyirdilər ki, nəyinə lazımdır, başını aşağı sal, oxu, pulunu qazan. Deyirəm, olmur axı, adamın ürəyi dözmür, bir şeylər demək,  eləmək istəyirsən. Adam necə laqeyd qala bilər axı, toyda sənə bir nəfər yaxınlaşıb deyəndə ki, ay Qismət, camaatın vəziyyətini görürsən, bu hakimiyyət niyə belə edir, bunlar niyə baş verir?! Bir dəfə, iki dəfə, üç dəfə deyirlər. Axırda sənin də içində vulkan kimi qaynayır və istəyirsən ki, bunu necəsə içindən çıxarasan. Azərbaycanda bunu etməyin tək yolu sosial şəbəkələrdir. Sosial şəbəkədə edəndə də başlayırlar işini əngəlləməyə, sonra da  daha ağır problemlər yaratmağa və sən də məcbur olursan,  ölkədən çıxıb gedəsən. Amma burada nə var?! Burada, sadəcə, sakit  beyin və  sakit əsəblər var, hirslənməyə heç bir səbəb yoxdur. Qazanc, məncə. ancaq bu ola bilər. İtirdiklərimə gəlincə, çox şey itirdim. 16 il ərzində qazandığım karyeranı, düzəni, şəraiti – bir sözlə, hər şeyi itirdim. Bütün məşhurluğumu itirdim. Bundan artıq nə olsun?!

- Azərbaycan Almaniyadan necə görünür və ya ümumiyyətlə, görünürmü?

- Mən burada xəbərləri oxuyuram və yaxşı haldır ki, Azərbaycanda baş verən korrupsiya, özbaşınalıq və cinayətləri burada bilirlər və insan haqları təşkilatları zaman-zaman Azərbaycana müəyyən ismarıclar göndərir, tələblər irəli sürürlər. Məsələn, heykəl məhbusu Qiyasın azad edilməsinə çağırış edilib. Bu, yaxşı haldır, yəni onlar belə şeyləri görməzdən gəlmirlər. Ən azından, Azərbaycan hakimiyyətinin nə olduğunu buradan görürlər və tənqid  edirlər. Amma belə çox fərq yoxdur, çünki çıxış sosial şəbəkədir və  Azərbaycan kanalları bunları göstərmir. Çıxış yalnız sosial şəbəkə olduğundan buradan da  görüntü eynidir. 

- Sizi məcburi sürgünə sövq edən səbəblər ortadan qalxarsa, ölkəyə dönmə ehtimalınız varmı?

- O baxır səbəblər nə vaxt ortadan qalxacaq. Əvvəla, nə qədər pessimist olsa da, deyim ki, mən möcüzəyə inanmıram, yəni Azərbaycandakı mövcud hakimiyyətin elə-belə  hakimiyyətdən gedəcəyinə inanmıram. Bunun olması üçün mütləq xalqın kütləvi şəkildə etirazı lazımdır. 99 faiz əminəm ki, bu olmayacaq. Birdən yaxın zamanlarda belə bir möcüzə baş versə, təbii ki, qayıdaram, çünki mən hələ Almaniya düzəninə öyrəşməmişəm. Əgər bu 5-10 ildən sonra olacaqsa, mən onsuz da orada olan düzəni tamamilə itirmiş olacam və bütün bağlar qopmuş olacaq. Ona görə  qayıtmağın mənası olmayacaq. 

- Son olaraq mühacirətə getmək istəyənlərə nə demək istəyirsiniz?

- Əgər humanitar problemləri varsa, deyəcək bir sözüm yoxdur. Kiminsə sağalmayan xəstəliyi varsa,  müraciət edir, oturum da alır, xəstəliyini də sağaltmağa çalışırlar. Mən siyasi status almağa çalışanlar haqqında deyə bilərəm ki, bu halda  vəziyyət  qəlizləşir. Siyasi status almaq istəyirsinizsə, həqiqətən, siyasi probleminiz varsa, bunu edin, çünki siz gəlib yalan danışanda gec-tez bu, ortaya çıxır və həqiqətən, siyasi problemi olan insanları  yalançı bilirlər. Hətta Azərbaycandan bir deputat var idi, Almaniyaya müxalifətçi kimi gəlmişdi, ona oturum verdilər, sonra qayıtdı Bakıya. Bundan sonra azərbaycanlılara deyirdilər ki, sizin deputat oraya getdisə və ona heç bir problem olmadısa, sən niyə gedə bilmirsən? Ən böyük biclik düzlükdür. Bəlkə də, düz danışsanız sizə daha tez oturum verərlər. Yalan məlumat verib,  müxtəlif partiyalardan müxtəlif vəsiqələr almayın, bunu etməyin. Ən azı ona görə etməyin ki, burda qaçqınların həyat şəraiti çox pisdir. Xüsusilə də qarşıdan qış gəlir, ailənizlə gəlirsinizsə, bunu nəzərə alın. Elə bilməyin ki, çörəyin üzərinə yağ-bal çəkib verəcəklər sizə. Elə bir şey yoxdur.

- Təşəkkür edirik, Qismət bəy.

- Mən də təşəkkür edirəm. 

İzzətxanım Cabarlı