23:01, 14 Mart 2017 (Çərşənbə axşamı) 928

“Şadam ki, Fuad həbsindən sonra da öz yolundan dönmədi” - Zəfər Əhmədov

“Şadam ki, Fuad həbsindən sonra da öz yolundan dönmədi” - Zəfər Əhmədov
AXCP Gənclər Komitəsinin üzvü, beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı Fuad Əhmədovun atası Zəfər Əhmədov Toplum.Tv-yə müsahibə verib. 

Müsahibəni təqdim edirik: 

– Fuadla görüşürsüz? Görüşlərinizə bir problem yaradılmır? 

– Yox, görüşürük, problem yaradılmır. Həftədə bir dəfə görüş iznimiz var. Sözün açığı, həftədə bir dəfə görüşməyə imkanımız olmur. Ona görə iki həftədən bir görüşürük. Amma 4 gündən bir evə zəng edir.  

– Sonuncu dəfə Fuadı nə vaxt görmüsünüz? Vəziyyəti necədir?

– Martın 8-də görüşmüşük. Vəziyyəti pis deyil. Bir az xəstədir. Amma ruhən yaxşıdır. Əsəbləşmişdi, həbsinin 3 ay uzadılacağını gözləmirdi. Həm də deyiblər ki, həmin işi həmin maddələrin yeni bəndləri ilə dəyişdirirlər. Ağırlaşdırıcı şərtlərlə. Yəni əvvəlcə bir maddənin maksimum cəzası 2 il idi, o birininki 3 il. İndi isə birininki 6 ildi, o birininki 8. Buna görə bir balaca əsəbləşmişdi. Amma danışandan, başa salandan sonra özü də fikirləşib dedi ki, elə əvvəldən bu iş qeyri-qanuni, quramadırsa, deməli, hər şey ola bilər, hər şeyə hazır olmaq lazımdı. Qəribə nəsə baş verməyib, gözlənilən idi.  

– Necə oldu ki, Fuad siyasi proseslərə qoşuldu? 

– Bu suala cavab vermək bir balaca çətindir. Bunda mənim bilavasitə rolum olmayıb. O, özü bu yolu seçib. Ola bilsin ki, mənim həyat yolumla tanış olub, dostlarımın əhatəsinə düşüb, mənim tərbiyəmi alıb... Amma heç hiss etmədim nə vaxt hərəkata qoşuldu, nə vaxt AXCP üzvü oldu, seçkili orqanlarda iştirak elədi, gənclər təşkilatının sədri seçildi... 

– Nə zamansa həbs olunacağını gözləyirdinizmi? Bu barədə sizə hər hansı xəbərdarlıq edilmişdimi?  

– Əlbəttə, olmuşdu. 2015-ci ilin aprel ayının 28-də ilk dəfə "Bandotdel” tərəfindən həbs olunmuşdu. 25 gün müddətinə saxlanılmışdı. Elə bu 25 günü qeyri-qanuni olaraq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində çəkmişdi. Onda da adını qoymuşdular ki, küçədə gedəndə telefonla bərkdən danışıb, polisin qanuni tələbinə əməl etməyib. Bu, birinci həbsi idi. Onda da 3 gün harda olduğundan xəbər tuta bilməmişdim. Başqa yollardan istifadə edib öyrənmişdik. Ondan sonra boyunlarına aldılar ki, bəli, narahat olmayın bizdədir. Orda da işgəncələrə məruz qalmışdı. Sonra yenə 2015-ci ildə, dekabr ayının 25-də həbs olundu. Yenə həmin ittihamla. Gəlib işdən aparmışdılar. "Nar Mobile”də işləyirdi. Belə bir ittiham irəli sürmüşdülər ki, guya o, Məhəmməd Hadi küçəsində, hansısa evin qabağında bərkdən telefonla danışıb, polisin qanuni tələbinə əməl eləməyib. Bu dəfə də 10 sutka inzibati cəza verdilər və 10 sutkanı Binəqədi təcridxanasında oturdu. Bilirdik ki, iki dəfə olubsa, bu xəbərdarlıqdır. Deməli, üçüncü dəfə də olacaq. Amma yəqin ki, öz yolundan dönmədiyini gördülər. 

İkinci dəfə dekabr ayında birinci infilyasiya vaxtı yazmışdı: "Camaat, deyəsən, 5-10 manatınız qalıb, səsinizi çıxartmırsız? Gözləyirsiz ki, onu da tutub əlinizdən alsınlar?” Onda da bu yazılarla əlaqədar tutdular. Üçüncü dəfə 2016-cı ilin avqust ayının 18-də həbs edildi. 
Onun "Facebook” səhifəsinə baxsanız, görərsiniz ki, ayın 17-dən 18-nə keçən gecə yazıb: "Allah Fətullah Gülənə lənət eləsin, indiyə qədər adımızı gah radikal şiəçilərə qoşurdular, gah radikal dinçilərə qoşurdular, indi də Gülənə qoşurlar. Gəl indi bunun altından çıx. Bu, nədir bizə düzüb-qoşurlar?” Yəqin ki, bu, kiminsə xoşuna gəlməyib. Hakimiyyətin içindəki gülənçilərin xoşuna gəlmədiyinə görə həbs etdilər. Şadam ki, oğlum əvvəlki iki xəbərdarlıqdan sonra da o öz yolundan dayanmadı. Yoluna davam elədi.

– Fuadın həbsini necə qiymətləndirirsiz? 

– Hər bir hadisənin bir səbəbi, bir də bəhanəsi olur. Səbəb çox güman ki, Fuadın siyasi aktivliyidir. Ondan əvvəlki müddətdə AXCP-nin Xətai rayon şöbəsinə nə qədər üzv qəbul olunub, ona deyə bilmərəm, iyun-iyul aylarında səhv eləmirəmsə 47 nəfər qəbul olmuşdu. 20 neçə nəfər ondan əvvəlki ayda qəbul olmuşdu. Əməlli-başlı axın vardı. Bu axına qoşulanlar da, belə deyək, cəmiyyətin orta təminatlı hissəsindən olan insanlar idi. Ali savadlı universitet tələbələri və s.  Hətta ərizə vermiş alimlər də var idi. Mən bu yaxınlarda onların ərizələrinə rast gəldim. Yəqin ki, səbəb bu idi. Yenə deyirəm, məndə belə güman var ki, onun Fətullah Gülənə qarşı çıxması hakimiyyətdəki kimlərinsə xoşuna gəlməyib. Bununla əlaqədar onu tez-tələsik həbs ediblər. Belə bir iş qoşublar. Yəqin, bilirsiniz, ona verilən maddələr tamamilə gülünc və saxtadır. Ona vəzifə səlahiyyətlərini aşma ittihamı verilib. Bu, ancaq vəzifəli şəxslərə aid olan bir maddədir. Qanunda aydın göstərilir ki, kimlər vəzifəli şəxslər hesab olunur. Fuadın vəzifəsi yoxdur. Bu, bir saxtakarlıq. İkincisi, orada 302-ci maddə var -  "Qeyri-qanuni axtarış tədbirləri ilə məşğul olmaq”. Bu da heç cür uyğun deyil. Ona görə ki, Fuadın əlində bu imkanlar olmayıb. Onun işlədiyi yerdə, həmin sistemdə abunəçilərin şəxsi kabinetinə daxil olmaq və oradan hansısa məlumatları götürmək imkanı olmayıb, istintaq bunu çox gözəl bilir. Əvvəldən də aparılmış ekspertiza bunu sübut edib ki, Fuad bircə dəfə də olsun sistemdən elə bir məlumat götürməyib. Hətta belə olsaydı da, bu, şirkətin daxili qaydalarının pozulması idi. Bu, Azərbaycan qanunlarının, dövlət qanunlarının pozulması ilə qiymətləndirilə bilməzdi. Maddəni sərtləşdirdilər, yəni  həmin maddələrin 2-ci bəndini verdilər. Bu da heç cür alınmır. Çünki orada nəzərdə tutulub ki, "texniki vasitələrdən istifadə eləməklə”. Bu, ən savadsız adama da aydındır ki, Fuadın heç bir texniki vasitəyə girişi ola bilməzdi. O halda ağırlaşdırıcı hal hesab olunardı ki, Fuad kiminsə nömrəsini kiməsə versin və xoşagəlməz hadisə olsun. Yəni kimlərinsə arasında dava düşsün, bundan ötürü pul alsın və s. Belə faktlar da yoxdu. Hətta işdə şahidlər də yoxdu. İndi baxın, ötən ilin avqustun 18-dən istintaq başlayıb, bu müddətdə o, cəmi 2 dəfə müstəntiqin üzünü görüb. Birinci dəfə ilk 10 günlükdə DTX-da, ikinci dəfə Kürdəxanı təcridxanasında. Son məhkəmədə hakim sual verəndə ki, hansı təzə faktlar tapmısız, işi ağırlaşdırmaq üçün hansı faktları irəli sürürsüz, cavab vermişdilər ki, fevral ayında zərərçəkmişləri tapmışıq. Və eyni gündə 3 nəfər zərərçəkmiş tapıblar. Guya onlar gizli nömrədən kiməsə zəng ediblər, Fuad da onların gizli nömrələrini açıb kiməsə deyib. Dörd dəfə məhkəmə keçirilib, vəkil vəsatət verib ki, axı ortada heç bir zərərçəkmiş, şahid, cinayət faktı yoxdu. Bundan sonra başa düşüblər ki, bu, tamamilə gülünc işdi,  gedib zərərçəkmiş tapıblar. Heç bilmirəm o adamlar var, ya yoxdu. Bunların hamısı sifarişlə qurulmuş şeylərdi. Belə götürəndə burda müstəntiqlərin də, məhkəmələrin də heç bir günahı yoxdu. Onlara nə sifariş verilibsə, onu da yerinə yetirməlidirlər. Bizim heç bir müsbət gözləntimiz yoxdu. Yenə Allaha təvəkkül, görək nə olur. 

– Fuadın silahdaşlarından kimlər maraqlanır onunla? 

– Fuadın dostları, yaxınları, əqidə yoldaşları, xüsusən də cəbhəçilər, demək olar ki, hər gün nəzarətdə saxlayırlar. Hər cür mənəvi yardım və dəstək göstərirlər. Bu, belə də olmalıdır. Mən özüm də neçə ilin cəbhəçisiyəm. Bu dəqiqə partiyanın rəsmi üzvü olmasam da, özümü cəbhəçi sayıram. Bütün müxalifət düşərgəsindən olan şəxslərə öz minnətdarlığımı bildirirəm ki, Fuadı yaddan çıxartmırlar, həmişə onun haqqında danışırlar. Həmişə ona görə bizə dəstək verirlər. Amma iş yoldaşlarından heç kim maraqlanmır. Bir nəfər də olsun zəng edib soruşmayıb ki, Fuad hardadır, necədir? Allah hamısının canını sağ eləsin. Hərənin öz işidir. Mən bilirəm ki, onun orada yaxın dostları da olub. Xeyirdə-şərdə, gecə-gündüz bir yerdə olublar. İndi maraqlanmırlar da. Reallıq belədir. 
 
– Sizcə, hakimiyyət gənclərdən nə istəyir? 

– Hakimiyyət yaxşı bilir ki, bu mübarizədə əvvəl-axır gənclər qalib gələcəklər. Bunun başqa yolu yoxdu. Azərbaycan gəncliyi mövcud hakimiyyətin hərəkətlərini, saxtakarlıqlarını, xalqa etdiyi zülmü görürsə, əvvəl-axır kütləvi sürətdə mübarizəyə qoşulacaq və qalib gələcək. Buna görə də hakimiyyət öz ömrünü uzatmaq üçün gənclərin aktiv hissəsini hərəkatdan uzaqlaşdırmağa, qorxu yaratmağa çalışır. Kimlərisə həbs etməklə, yaxud müəyyən vədlər verməklə bunu edir. Bu repressiyalarla, bu həbslərlə onların arasında qorxu yaratmaq istəyir. Özünüz görürsüz ki, bu da alınmır. Son vaxtlar bütün müxalifət partiyalarına, o cümlədən AXCP-yə nə qədər gənclər qəbul olunub. Bunun özü onu göstərir ki, hakimiyyətin gördüyü tədbirlər heç bir xof yarada bilmir. Mən belə fikirləşiirəm, bu, mənim şəxsi fikrimdir. 

– Müsahibələrinizdən birində Fuadın həbsi ilə bağlı maddi çətinliyə düşdüyünüzü bildirmişdiniz. İndi ailənin durumu necədir?    

– Ailənin yeganə çörək gətirəni Fuad idi. Aydın məsələdir ki, onun həbsindən sonra maddi durumda müəyyən qədər dəyişiklik olub. Hər dəfə Fuadın yanına gedib-gəlmək müəyyən çətinliklər yaradır. Amma Allahın köməkliyi ilə birtəhər dolanırıq. Hamı necə, biz də elə.  

- Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Bu sərəncamdan gözləntiləriniz nədir? 

– Konkret Fuadla bağlı heç bir gözləntim yoxdur. Ən azından ona görə ki, Fuadın haqqında hələ heç məhkəmə qərarı elan olunmayıb. Sərəncam ona aid ola bilməz. Digər siyasi məhbuslara gəlincə, güman etmirəm ki, hansısa müsbət dəyişikliyə səbəb olsun. Ola bilsin ki, 3-5 nəfər çoxdan həbsdə olan adamları hansısa şərtlərlə azadlığa buraxdılar. Bu, ola bilər. Ancaq böyük bir gözləntim yoxdur. Respublikada gedən hadisələri izləyirik, görürük ki, hələlik Birinci vitse-prezidentin təyinatından sonra müsbətə doğru hansısa dəyişikliklər yoxdur. Təbii, ümidsiz yaşamaq olmur. Bu yaxınlarda Novella Cəfəroğlunun, Səidə Qocamanlının və digərlərinin üzv olduğu işçi qrup 27 nəfərdən ibarət siyasi məhbus siyahısı verib. Halbuki respublikada 160-dan çox siyasi məhbus var. Heç o 27 nəfərin də hamısının və yaxud əksəriyyətinin azad olunmasına inanmıram. 

- Fuad azadlığa çıxdıqdan sonra yenidən mübarizə apararsa, münasibətiniz necə olacaq?

– Mənim münasibətim çox normal olacaq. Əslində, münasibətimin elə də önəmi yoxdu. Bu, Fuadın öz yoludur, bu yolu özü seçib. Axırıncı görüşümüzdə də dedi ki, bu, mənim öz seçdiyim yoldu, necə olursa olsun. Mən bu yolu axıra qədər gedəcəm. Hər dəfə də bu sözü deyir. Mənim münasibətim onda pis olar ki, Fuad yolundan çəkilər, sınar. Cəbhəçi gənclərin bir sözü var, yola davam. Olsun, Allah xeyrini versin. Allah yolunu açıq eləsin. Sonu qələbə ilə qurtarsın. 

– Son statusunuzda qrant alanları ittiham etmisiniz. Mübarizə aparan insanlarına xəyanət etdiklərini vurğulamısınız. Söhbət hansı xəyanətdən gedir? 
 
– Statusumda bütünlüklə qrant alanları nəzərdə tutmamışam. Mənim qrant alanlar haqqında mənfi fikrim yoxdu, ola da bilməz. Məsələ burasındadır ki, bəzi QHT-lər, bəzi insanlar Azərbaycankı demokratik hərəkatın təkərinə taxta salmaqla məşğuldular. Yəni bu gün onların tutduğu mövqe, atdıqları addım Azərbaycandakı demokratik hərəkata böyük bir zərbədir. Onlar deyirlər ki, Azərbaycanda hər şey öz qaydasındadır, müsbətə doğru addımlar atılıb. Azərbaycan qarşısında qoyulmuş şərtlərin hamısı yerinə yetirilib. Yaxşı, hansı şərtlər yerinə yetirilib? Mən elə təkcə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasından danışacam. Koalisiyanın üzvlərindən bir neçəsi həbsdədir, azad olunmayıb. Siyasi məhbusdular. Bu, bir. İkincisi, həmin QHT-lərə basqılara son qoyulmayıb. Üçüncüsü, yoluna qadağa qoyulmuş heç kimin üzərindən qadağa götürülməyib. Belə olan halda hansı müsbət dəyişiklərdən söhbət gedir? Koalisiyadakı insanların bəzilərinin əsl üzü 94-96-cı illərdən bilinirdi. Mənə pis təsir edən odur ki, onların içərisində inandığımız adamlar vardı. Onları əqidədaşımız hesab edirdik. Düşünürdük ki, onların mübarizəyə xeyri var. Azərbaycanda demokratiya, hüquqi dövlət qurmağa öz töhfələrini verirlər. Çox gözlədim ki, bu adamlar hərəkətlərini necəsə izah edəcəklər. Amma hər birinin izahını oxuyuram, görürəm ki, onları qorxudublar, yaxud nəsə söz veriblər... 

Vüsal Əfəndi 
Toplum.Tv