10:30, 11 İyun 2018 (Bazar ertəsi) 170

Saatlıda 21 işçi pambıq tarlasında zəhərlənib

Saatlıda 21 işçi pambıq tarlasında zəhərlənib
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib. 

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

"Report" xəbər verir ki, ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

İyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 21 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir.