19:50, 12 Fevral 2018 (Bazar ertəsi) 374

Saakaşvilinin növbəti dəfə saxlandığı bildirilir

Saakaşvilinin növbəti dəfə saxlandığı bildirilir
Müxalifətçi Mixeil Saakaşvilinin tərəfdarları onun Kiyevdə saxlandığını xəbər veriblər və bildiriblər ki, onun Ukraynadan deportasiya ediləcəyindən narahatdırlar.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, Saakaşvilinin müttəfiqi David Sakvarelidze Facebook-da yazıb ki, o Kiyevdə özünün Yeni Qüvvələr Partiyasının iqamətgahı yaxınlağındakı gürcü restoranında saxlanıb.

Saakaşvilinin özü isə Facebook səhifəsində naməlum maskalı şəxslər tərəfindən saxlandığını və aparıldığını yazıb: "Adamoğurlayanlar üç Volkswagen markalı mikroavtobuslarda gəlmişdilər”.

Qısa videoda silahlı və kamuflyajlı adamların restoranın içində bir nəfərlə əlbəyaxa olduğu və ona yerə uzanmağı əmr etdikləri görünür. Silahlılardan birinin saxlananı təpiklədiyi də videoya düşüb.

Bu hadisədən bir həftə əvvəl Ukrayna məhkəməsi Saakaşvilinin onu mümkün ekstradisiyadan qorumaq vəsatətini rədd edib.

O vaxt Saakaşvilinin tərəfdarları bildirmişdilər ki, bu məhkəmə qərarı onun Gürcüstana ekstradisiya edilməsi üçün imkan yaradır. Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət ittihamı irəli sürülüb.

Sakvarelidze, tərəfdarları Saakaşviliyə dəstək vermək üçün restoranın yanına toplaşmağa çağırıb. Onun və Saakaşvilinin Facebook postlarında ağ mikroavtobuslardan birinin dövlət nişanları verilib.

Sakvarelidze "Azadlıq Radiosu"na deyib ki, Saakaşvili aparılıb və onun harada olması məlum deyil.

Sakvarelide Facebook-da bunu da yazıb ki, o və başqa tərəfdarlar Kiyevin Borispol hava limanına gedirlər, beləki Saakaşvilinin deportasiya edilə biləcəyindən narahatdırlar.

Lakin Saakaşvilinin tərəfdarları onun saxlandığını xəbər verdikdən sonra Ukraynska Pravda xəbər portalı yazıb ki, keçmiş Gürcüstan prezidenti başqa bir Avropa ölkəsinıə deportasiya olunacaq.

Sakvarelidze "Azadlıq Radiosu"na deyib ki, "prezident Poroşenko siyasi rəqabəti bu cür aparmaq qərarına gəlib”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirib ki, o Saakaşvilini həbs etməyib. Ukrayna polisi də Reuters agentliyinə bu məsələ ilə əlaqəsi olmadığını bildirib.

Az əvvəl Rusiya telekanalları Saakaşvilinin "Ukraynanı təyyarə ilə tərk etdiyini” xəbər verib.