Siyasət

Rusiyadan Azərbaycanla bağlı xəbərdarlıq

13 Mart, 2019
1133
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək niyyətində olan ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Novator.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir: "Azərbaycanın Sərhəd Xidməti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini əsas gətirərək erməni milliyyətinə mənsub olduğu birbaşa və ya dolayısı ilə bilinən şəxsləri – vətəndaşlığından asılı olmayaraq – ölkəyə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü ilə əsaslandırılır.

Rusiya tərəfi Rusiya Federasiyası vətəndaşlarını etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağın yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlərə etinasız yanaşılır. Qeyd olunan vəziyyəti nəzərə alaraq Azərbaycana səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına mümkün riskləri dərindən götür-qoy etməyi təkidlə tövsiyə edirik”.

Bu il yanvarın 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından gileylənib: "Bu tip insidentlər geridə qoyduğumuz son bayram günlərində qeydə alınıb. Əvvəllər də belə hallar olub. Biz bu məsələni Azərbaycan tərəfi qarşısında qaldırmışıq, bildirmişik ki, bu, düzgün olmayan, pis ənənəyə çevrilib”.

Rəsmi Moskvanın sözçüsü 2018-ci ildə Rusiya vətəndaşlarının etnik mənşəyinə görə Azərbaycana buraxılmaması yönündə ən azı 16 halın qeydə alındığını vurğulayıb: "Rusiya vətəndaşları aeroportda saatlarla saxlanıb, sonra zorla ölkədən çıxarılıb, bunun rəsmi səbəbi isə bildirilməyib. Bu faktlar Rusiya vətəndaşlarının haqlarının kobud surətdə pozulmasıdır. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə belə halların qəbuledilməz olduğunu Azərbaycan tərəfinin diqqətinə çatdırıb. Biz vətəndaşları saxlamaq və ölkədən çıxarmaq təcrübəsinə son qoymağı tələb etmişik. Bu cür hallar iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmır. Azərbaycan rəhbərliyindən vəziyyətin düzələcəyi vədi almışıq. Buna çox ümid edirik”.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın irada cavabı belə olub: "Rusiya Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan çox insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmin qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.

Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır, Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.

Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda Azərbaycanda rus dilində 340-dan çox tədris müəssisəsi var. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar bir dəfə də olsun qeyd edilən məsələlərlə bağlı şikayət etməyib. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.

İlk dəfə deyil Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”.

Rəsmi Bakının sözçüsü Mariya Zaxarovanın "Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcək” ifadəsini qətiyyətlə təkzib edib: "Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və "vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir”.

Yanvarın 18-də Rusiyanın Xarici İşlər Nazirliyi yenidən Azərbaycanı qınayıb. Kütləvi informasiya vasitələri üçün verilən rəsmi açıqlamada bir daha bəzi Rusiya vətəndaşlarının Azərbaycana səfərinə əngəllər törədildiyi vurğulanıb.

Açıqlamada Azərbaycan Xarici İşlər Nazirliyinin cavabına toxunulub, cavabın diplomatik etiketi aşan tonda olduğu vurğulanıb. Qeyd edilib ki, məsələyə dəxli olmayan ümumi mülahizələr əvəzində rusiyalılarla bağlı insidentlərin dəqiq izahının verilməsi yaxşı olardı.

Rəsmi Moskva iddia edib ki, 2018-ci ilin may ayında 1941-1945-ci illər müharibəsinin 80 yaşlı veteranı Azərbaycana buraxılmayıb, 2017-ci ilin fevralında isə bir qadın 4 yaşlı oğlu ilə birgə saatlarla xüsusi yığnaqda saxlanıb.

Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Bakıdan Rusiya vətəndaşlarının səfərlərini Moskvadakı səfirliklə razılaşdırmaq barədə işarələrə aydınlıq gətirilməsini istəyib. Qeyd olunub ki, bu cür tələbin irəli sürülməsi Rusiya və Azərbaycan vətəndaşlarının qarşılıqlı vizasız səfərini nəzərdə tutan sazişə ziddir.

Yanvarın 18-də Azərbaycanın Xarici İşlər Nazirliyi irada belə cavab verib: "Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimatumla danışmaq qəbuledilməzdir və diplomatik etika qaydalarına tamamilə ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə əlaqədar verdiyi şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya tam adekvat idi.

Bir daha bildiririk ki, yalnız 2018-ci ildə 880 min nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycana səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır.

Bir daha bildiririk ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin atacağı addımlara mütənasib olaraq Azərbaycan da adekvat tədbirlər görəcək”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo