10:42, 18 Aprel 2018 (Çərşənbə) 95

Rusiya ABŞ təyyarələrinə uçuş icazəsini uzadır

Rusiya ABŞ təyyarələrinə uçuş icazəsini uzadır
Rusiya öz hava məkanında Birləşmiş Ştatların təyyarələrinin uçuşuna icazənin müddətini uzadıb. ABŞ Dövlət Departamenti aprelin 17-də bildirib ki, Rusiya həmin müddəti oktyabrın 28-dək, həm də əvvəlki razılaşmanın vaxtının bitməsinə bir neçə saat qalmış uzadıb. Ancaq konkret marşrutlar açıqlanmır.

Əvvəlki müddət aprelin 17-də Vaşinqtonda vaxtıyla axşam 8-də bitirdi.

Departamentin sözçüsü Heather Nauert demişdi ki, ABŞ təyyarələri artıq marşrutlarını Rusiyanın hava məkanından uzaqlaşdırmağa başlamışdılar.

"Aviasiyada bu cür pozuntu istəmirik, ona görə də işlək mexanizm üzərində çalışırıq”, – Nauert jurnalistlərə deyib.

Hər həftə Rusiyanın şərqindən yüzlərlə beynəlxalq uçuş həyata keçirilir. Bu, Cənubi Asiyaya qısa və ucuz yol sayılır.

Bu arada Moskvayla Vaşinqton arasında gərginlik yaşanmaqdadır. Aprelin 14-də Birləşmiş Ştatlar, Fransa və Britaniya Suriyaya raket zərbələri endirib. Zərbələr Suriyada şübhəli kimyəvi qaz hücumuna cavab olaraq gerçəkləşdirilib. Qərb ölkələri bu hücumda Suriya hökumət qüvvələrini suçlayır.



azadliq.org