11:04, 04 Aprel 2018 (Çərşənbə) 441

"Rəsmi qurumlar sosial medianı nəzarətdə saxlamaqda maraqlıdırlar" - Ekspert



/ DÜNYA
Son vaxtlar postsovet məkanında sosial şəbəkələrin bloklanması gündəmə gəlib. 

Rusiyanın "Telegram”dan data bazaya giriş istəməsindən sonra Belorusda da bu məsələ aktuallaşıb. Belə ki, Belarusda kütləvi informasiya vasitələri qanununa dəyişiklik layihəsi hazırlanıb. 

Layihədə sosial şəbəkələrin bloklanması barədə müddəa var. Sosial şəbəkə informasiyanın hakimiyyət orqanlarının tələbi ilə silinməməsi halında bloklana bilər.

"Telegram”a 15 gün vaxt verilib ki, istifadəçilərin yazışmalarının şifrə kodunu Rusiyanın Federal Təhlükəsizlik Bürosuna (FTB) verməsə, mobil əlavə  bloklanacaq.

"Telegram” mobil əlavəsinin rəhbərliyi isə aprelin 2-də Rusiyanın media tənzimləyici orqanı olan "Roskomnadzor”a cavab verib.

"Agora” beynəlxalq hüquq-müdafiə təşkilatının sədri Pavel Chikov öz "Telegram” kanalında məlumat yayıb ki, Rusiya xüsusi xidmət orqanının tələbinə əməl olunması texniki baxımdan mümkün deyil. 
 
 

"Telegram”ın bəyanatında bildirilir ki, indiki vəziyyətdə servis administratorunun yazışmalarını deşifrə etməyə imkan verəcək informasiyaya çıxışı yoxdur. "Messencer” iki cür yazışma imkanı verir: "Bulud çatları” və "gizli çatlar”. 

Birinci halda yazışmalar "Telegram”ın serverlərində saxlanmır, ikinci halda isə kodlaşdırılmış formada qalır. Bundan başqa, kod açarları tez-tez yenilənir, işlək olmayanlar avtomatik məhv edilir. 

Azərbaycanda da analoji hadisənin yaşanması istisna edilmir. Artıq bəzi dövlət qurumları və deputatlar sosial şəbəkələrin qapanması ilə bağlı fikirlər səsləndiriblər. Əksər sosial şəbəkə istifadəçiləri isə hökumətin onların sosial mediadakı faəliyyətinə texniki müdaxilə etdiyini deyir.

Dövlətin data bazalara nəzarət istəyi ifadə azadlığına təzyiq kimi qiymətləndirilə bilərmi? 

"Bu, ancaq fövqəladə hallar zamanı, müharibə dövründə və ya ciddi bir zəruriyyət olduqda baş verə bilər”.

Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Toplum Tv-yə açıqlamasında deyib. 
 
 

Onun sözlərinə görə, Azərbaycanda belə bir məsələ gündəmdə deyil: "Son vaxtlar Rusiyada bu və ya digər formada informasiya ilə bağlı məsələlərdə dəyişikliklər edilir. Etiraf edək ki, bu dəyişikliklər dövrün tələblərinə yox, sanki müharibə dövrünün tələblərinə uyğunlaşdırılmış şərtlərdir. Normal dövrdə bu cür halların baş verməsi doğru deyil. Bu cür hallar ancaq fövqəladə hallar zamanı, müharibə dövründə və ya ciddi bir zəruriyyət olduqda baş verə bilər. Sülh dövründə bu cür tədbirlərin görülməsi normal deyil. Azərbaycanda belə bir məsələ yoxdur. Çox təəssüf ki, hardasa neqativ bir hal olan kimi onu Azərbaycana yapışdırırlar”.

Media eksperti Ələsgər Məmmədli isə bildirib ki, o, "Telegram”ın öz bilgilərini təhlükəsizlik xidməti ilə dəyişməsinə inanmır: "Sosial şəbəkələr üzərindən, xüsusilə də "Messenger” xidmətlərinin aktivləşməsi bir çox dövlətin özünün qurduğu telekommunikasiya sisteminə xeyli müdaxilə yaradır. Bu mənada ki, əvvəllər dövlətlər daha rahat şəkildə öz əllərində olan bilgilərdən istifadə edirdilər.
 
 
Amma indi artıq beynəlxalq miqyasda olan şəbəkələr bu informasiyaları 3-cü dövlətlərlə paylaşmırlar. Düzdür, böyük şirkətlər qurulduğu ölkə ilə bir çox halda bunu paylaşırlar. Məsələn, "Google”, "Microsoft” öz bilgilərini Amerika hökuməti ilə paylaşa bilir. Amma 3-cü ölkələrlə, xüsusilə kənar ölkələrlə paylaşılmr. "Telegram”ın bilgilərinin FTB tərəfindən tələb edilməsinə də bu çərçivədə baxmaq lazımdır. Amma mən inanmıram ki, "Telegram” kimi gizli, xüsusilə də gizli danışıqlara fikir verən və bunun qorunması üçün təminat yaradan bir qurum öz bilgilərini bir təhlükəsizlik xidməti ilə dəyişsin. Ümumiyyətlə, rəsmi qurumlar sosial şəbəkələrin kontrol altına alınmasında ona görə maraqlıdırlar ki, ordakı insanların fəaliyyətlərini və bu fəaliyyətin arxasında duran məqamları izləyə, nəzarətdə saxlaya bilsinlər. Bu düşüncə var, amma xüsusilə qeyri-demokratik ölkələrdə informasiyaların heç də sırf qanun çərçivəsində istifadə olunmayacağını nəzərə aldıqda mən inanmıram ki, onlar həmin böyük kooperasiyalar tərəfindən başqa ölkələrə verilsin”.

"Roskomnadzor” "Telegram”a xəbərdarlığı martın 20-də göndərib və qoyulmuş vaxt aprelin 4-də bitir. 

Bundan sonra "Roskomnadzor” "Messencer”in bloklanmasından ötrü məhkəməyə üz tuta bilər.

Daha öncə Rusiya Ali Məhkəməsi "Telegram”ın FTB-yə qarşı məhkəmə iddiasını rədd edib. 

"Telegram” təmsilçiləri FTB-nin tələbinin qanunsuzluğunun tanınmasını istəyirdilər. 

"Messencer” Rusiya Konstitusiyasına istinad edirdi, bildirirdi ki, qanunvericilikdə yazışmaların gizliliyi təmin olunur. Ancaq FTB buna cavabında bildirib ki, "Messencer” istifadəçilərinin yazışmaları informasiya deyil və Konstitusiya ilə qorunmur.

Alya Ağayeva 
Toplum.Tv