15:26, 16 Fevral 2018 (Cümə) 245

Rəsmi Bakıdan Moskvanın iradına cavab

Rəsmi Bakıdan Moskvanın iradına cavab
Yeni Azərbaycan Partiyasının 8 fevral qurultayında çıxış edən prezident İlham Əliyev deyib ki, azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır və unutmur: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 15-i Moskvada keçirdiyi brifinqdə deyib ki, İlham Əliyevin Yerevanı qaytarmaq niyyəti barədə dedikləri bölgədə gərginliyin azaldılmasına xidmət etmir.

Yanvarın 16-da Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin açıqlamasına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsi düzgün deyil: "Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərdə, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb.

Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub.

Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək "böyük Ermənistan” xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir.

Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, kontekstdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir”.