20:21, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 50

Redaktorun kassasiya şikayəti təmin edilməyib

Redaktorun kassasiya şikayəti təmin edilməyib
Ali Məhkəmə böhtanda təqsirləndirilərək həbs edilmiş realliq.az saytının redaktoru İkram Rəhimovun kassasiya şikayətini təmin etməyib.

Ali Məhkəmə şikayətə bu gün, oktyabrın 10-da baxıb.

Bu haqda "Azadlıq Radiosu"na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Qed edək ki, İ.Rəhimov apellyasiya şikayətinə baxış zamanı həbsdən azad edilmişdi. O, Ali Məhkəməyə müraciət edərək ona bəraət verilməsini istəyirdi.

Vəkilinin deməsinə görə, İ.Rəhimov Ali Məhkəmədə çıxış edərək məhkəməyə verilməsinin, ardınca böhtan görə, həbs edilməsinin bilavasitə peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. Heç bir suçu olmadığı halda cəza çəkdiyini qeyd edib.

"Mən jurnalistəm. İşim qanunsuzluqları yazmaqdır. Korrupsiya, rüşvətxorluq hallarını görməyəndə, nə edim, yazmayım, susum? Mənə qarşı ittiham əsassız idi. Mən nə baş vermişdisə, onu yazmışdım. Aşağı məhkəmələrdə işə baxılarkən, əslində, bunlar təsdiqini də tapdı”, – deyə vəkilinin bildirməsinə görə, jurnalist məhkəmədən ona bəraət verilməsini istəyib.

Onun vəkili də müdafiə etdiyi şəxsə bəraət istəyib.

Ancaq hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə kollegiyası kassasiya şikayətini rədd edib.

Məhkəmədən sonra jurnalist və vəkili Azadlıq Radiosuna deyiblər ki, qərarı əsassız hesab edirlər. Qərari əldə etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.