20:40, 19 Oktyabr 2017 (Cümə axşamı) 42

"REAL" qurultay keçirilməsi üçün yer ayrılmadığını bildirir

Respublikaçı Alternativ (REAL) Partiyasının Təşəbbüs Qrupunun təsis qurultayının keçirilməsinə yer verilmədiyi bildirilir.

"Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə REAL Təşəbbüs Qrupunun yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupunun I Təsis Qurultayını keçirməklə bağlı müraciətinə cavab vermir.

"Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən, 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Bunu nəzərə alaraq oktyabrın 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb. BŞİH qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozub. Hətta müraciəti qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər”, – məlumatda bildirilir.

Təşəbbüs qrupu bildirir ki, onların istədikləri məkanlarda indiyədək digər siyasi partiyalar öz tədbirlərini keçiriblər.

"Belə olan təqdirdə hesab edirik ki, BŞİH qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrıseçkilik edir, digər tərəfdən siyasi fəaliyyət azadlığını kobud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir”.

REAl bildirir ki, partiya qurultayının keçirilməsində qərarlıdırlar.