19:58, 14 Mart 2018 (Çərşənbə) 299

REAL fəalına inzibati həbs verilib

REAL fəalına inzibati həbs verilib
Respublikaçı Alternativ (REAL) Hərəkatının fəalı Samir Aşurovun saxlanıldığı və inzibati qaydada həbs cəzası verildiyi bildirilir.

Bu haqda "Azadlıq Radiosu"-na S.Aşurovun vəkili Nemət Kərimli məlumat verib ki, S.Aşurovu məhkəmə qarşısına dünən, martın 13-də çıxarıblar. Onun barəsində qərarı Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyeva verib.

N.Kərimli hələlik məhkəmə qərarını əldə edə bilmədiyinə görə qərarın detalları, S.Aşurovun hansı müddətə cəzalandırılması və nədə ittiham edilməsini bilmir. Vəkil sabah, martın 15-i S.Aşurovla görüşəcəyini, qərardan şikayət verilməsi məsələsini müzakirə edəcəyini bildirib.

S.Aşurovun saxlanılması barədə xəbərləri REAL Hərəkatının fəalları iki gün əvvəl, martın 12-də yaymışdı. Hərəkat üzvləri bildirmişdilər ki, ondan xəbər ala bilmirlər. S.Aşurovun hökuməti tənqid edən kampaniyalarda fəallıq etdiyi bildirilirdi.

Deyilənləri hələlik Səbail Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.