15:25, 11 Aprel 2018 (Çərşənbə) 74

"Rayonlarda saat 4-ə səsvermə başa çatır"

«Seçkilər çox gözəl, azad, ədalətli, şəffaf şəkildə keçirilir. Hər şey qanun çərçivəsində gedir», – Hakim Yeni Azərbaycan Partiyasının üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı 11 aprel prezident seçkilərinin gedişi haqda fikirlərini bölüşərkən AzadlıqRadiosuna belə deyir.

«Beynəlxalq müşahidəçilər, müxtəlif ölkələrdən gələn müşahidəçilər buradadırlar, məntəqələri gəzirlər. Mənim aldığım məlumata görə, hələ qanun pozuntusu baş verməyib», – o, sözlərinə əlavə edir.

M.İbrahimqızı Bakının Nəsimi rayonundakı seçki məntəqələrində müşahidə apardığını söyləyir və onun sözlərinə görə, indiyədək ciddi qanun pozuntusu baş verməyib. «İnşallah, sona kimi belə olar», - deyə ümidini bölüşür.
Deputat seçicilərin səsvermədə əvvəlki illərdən daha mütəşəkkil, daha aktiv şəkildə iştirak etdiklərini bildirir.

«Bəlkə ora bir az uzaq yerdir?»
 
Deputat AzadlıqRadiosunun «Günorta olsa da, bəzi məntəqələrdə qutuların hələ də boş olmasını necə izah edirsiniz» sualına belə cavab verib: «Mən səhər saat 8-də səsverməyə getdim. Xeyli adam vardı. Mən özüm seçkidə müşahidəçi olmasaydım, bəlkə də səsverməyə gec gedə bilərdim. Amma seçici fəallığı var. Siz hansı məntəqədə müşahidə etmisiniz? Bəlkə ora bir az uzaq yerdir, ya da bəzi məntəqələrin yaxınlığında dayanacaqlar yoxdur. Amma heç cür inanmıram ki, qutu boş olsun».

O, Naxçıvan Muxtar Respublikasında, Salyanda, Kürdəmirdə və başqa rayonlardakı bəzi məntəqələrdə qutuların boş olmasının səbəbini isə belə izah edib: «Rayonlarda həmişə belə olub, səhər saatlarında camaat təsərrüfatı ilə məşğul olur, həyət-bacanı yerbəyer edəndən sonra, yəni saat 10-11-dən sonra seçkiyə gedirlər. Saat 4-ə isə səsvermə başa çatır. Bunu 20 illik təcrübəmdən deyirəm».

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərin vaxtı 6 ay əvvələ çəkilib.

Prezidentlik uğrunda indiki dövlət başçısı da daxil olmaqla, 8 nəfər mübarizə aparır. Bəzi müxalifət partiyaları onu boykot edib.
 
azadliq.org