15:32, 12 Oktyabr 2017 (Cümə axşamı) 69

Ramin Hacılı şərti cəza alıb

Ramin Hacılı şərti cəza alıb
Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb.

O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub. Məlumatı APA yayıb. 

İttihama görə, Ramin Rasim oğlu Hacılı ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışları saxtalaşdırmaqla hazırlayıb.

Sonradan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

İttihamda deyilir ki, Ramin Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyin Qismət Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məsud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib.

Cəmiyyətin adınadan ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə ünvanlanmış 18 noyabrı 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

Bir müddət öncə AXCP-nin gənc fəallarından olan Türkel Azərtürk də sosial şəbəkədə Ramin Hacılının adını saxta sənədlərlə bağlı hallandırmışdı. Ramin Hacılı isə Azadlıq Radiosuna açıqlamasında deyilənləri təkzib etmişdi. Onun sözlərinə görə, mühacir biznesi ilə məşğul olanlar möhür sahibləridirlər. Yalnız partiya rəhbərləri və təşkilatlar bu sənədi verə bilirlər:

"Bugünə qədər heç vaxt heç kimə belə bir sənəd verməmişəm. Bu addımı atmamışdan öncə dövlət acısından məsələyə yanaşmaq lazımdır və öz möhüründən və nüfuzundan istifadə edərək alverə girişmək doğru addım deyil”.