11:37, 15 May 2018 (Çərşənbə axşamı) 225

QMİ Ramazan ayı münasibətilə fətva verib

QMİ Ramazan ayı münasibətilə fətva verib
Qafqaz Müsəlmanlari İdarəsinin Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib.

Fətva Qazılar Şurasının bu gün, mayın 15-də keçirilən iclasında qəbul olunub.

Fətvada deyilir: "Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.