16:36, 18 Aprel 2018 (Çərşənbə) 119

QHT Ədliyyə Nazirliyini məhkəməyə verir

QHT Ədliyyə Nazirliyini məhkəməyə verir
"Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi Cəmiyyəti" İctimai Birliyinin sədri Nicat Nəzərli Ədliyyə Nazirliyini məhkəməyə verib. Səbəb isə rəhbərlik etdiyi təşkilatın qeydiyyatdan keçirilməməsidir.


Bu barədə AzadlıqRadiosuna təşkilat rəhbəri özü bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın dövlət qeydiyyatından keçməsindən ötrü üç dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Hər üçündə də imtina cavabı alıb.


N.Nəzərli iddia edir ki, qanunla tələb edilən bütün sənədləri tam şəkildə hazırlayıb Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə təqdim ediblər, amma müxtəlif bəhanələrlə qeydiyyatdan imtina olunub.


"Süni əngəllərlə əlaqədar Prezident Administrasiyasına və Vergilər Nazirliyinə edilən müraciətlərə də normal cavab almamışıq. Hər iki ali dövlət qurumu bu tipli vətəndaş cəmiyyətlərinin yaradılmasında maraqlı olduqlarını sözdə bəyan etsələr də, təşkilatın yaradılmasına münasibətdə fərqli mövqelərini ortaya qoydular", – N.Nəzərli bildirib.


İmtina səbəbləri
Ədliyyə Nazirliyi isə qeydiyyatdan imtinaların əsaslı olduğunu bildirir. İddia olunur ki, səbəb qeydiyyat üçün tələb olunan bütün sənəd və məlumatların qaydasında olmamasıdır. Birinci dəfə imtinaya səbəb kimi təşkilatın hüquqi ünvanını təsdiq edən sənədin ərizəyə əlavə olunmaması göstərilib. İkinci imtina məktubunda isə yazılıb ki, ərizə notarial qaydada təsdiqlənmədiyinə görə sənədlər geri qaytarılır.


Təşkilat rəhbəri isə nazirliyin mövqeyi ilə razılaşmır: "Ədliyyə Nazirliyinə təşkilatın qeydə alınması üçün göndərdiyimiz doqquz sənəd arasında təsis yığıncağının qərarı var ki, orada ünvan da göstərilib. Hüquqi ünvanla bağlı "Asan Xidmət»də notarial qaydada təsdiqlənmiş surəti əlavə etmişik".


Qeydiyyat problemiylə üzləşən QHT-lərin müdafiəsiylə məşğul olan "Demokratik Təsisatlar və İnsan Hüquqları" İctimai Birliyinin rəhbəri Elçin Abdullayev deyir ki, təşkilatların qeydə alınmasındakı əngəllərlə əlaqədar Avropa Məhkəməsinin Azərbaycana qarşı bir xeyli qərarı var. Həmin qərarlarda Avropa Məhkəməsi müxtəlif bəhanələrlə təşkilatların qeydə alınmamasını Konvensiyanın 11-ci (yığıncaqlar və birləşmək azadlığı) maddəsinin pozulması hesab edib:


"Avropa Məhkəməsi qeydiyyat problemi ilə bağlı Azərbaycandan göndərilmiş şikayətlər üzrə ardıcıl qərarlar verdi. O dövrdə Azərbaycanda bu məsələ ilə əlaqədar vəziyyət bir qədər dəyişdi. Amma çox çəkmədi. İnsan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara qarşı süni qeydiyyat əngəli yenidən işə salındı. Bəzən bir nöqtə-vergülə görə qeydiyyatdan imtina olunur. Anlamaq çətindir, məsələn, vergi ödəyicilərinin hüquqlarının müdafiəsiylə məşğul olan təşkilatın kimə nə ziyanı var?".


QHT-lərin qeydiyyatına süni əngəllərin bərpasıyla bağlı iddialara Ədliyyə Nazirliyindən açıqlama almaq mümkün olmayıb. Ancaq, bir qayda olaraq, qeydiyyatdan imtinaya sənədlərdə hansısa çatışmazlıqlar, qanunun tələbinə tam əməl olunmadığı göstərilir.
 
 
azadliq.org