10:30, 22 İyul 2018 (Bazar) 693

Qadağan olunmuş çimərliklər... - FOTOLAR

Qadağan olunmuş çimərliklər... - FOTOLAR
Yayda istirahət və sərinləmək üçün insanların üz tutduğu çimərliklərdən reportajları davam etdiririk. 

Bu dəfə Toplum Tv olaraq pullu və özəl çimərliklər deyil, el arasında "Xalq Çimərliyi” adlandırılan ərazilərdəki vəziyyəti göstərməyə çalışacağıq. Üz tutduğumuz məkan isə yenə Bakıya ən yaxın ərazi hesab olunan Şıx çimərliyidir. 

İlk baxışdan gördüyümüz o oldu ki, vəziyyət hər mənada o qədər də ürəkaçan deyil, istər gigiyenik, təmizlik olsun, istərsə də təhlükəzislik baxımından. Amma bütün bunlara baxmayaraq, belə yerlərdə də istirahət etməyə gələn ailələr, insanlar var. Biz getdiyimiz vaxt həftə arası olduğu üçün və iş gününə təsadüf etdiyi üçün o qədər sıxlıq gözə dəymirdi. Ancaq yenə də çimərlik boş deyildi... 

Burada dəniz və ətrafı tullantılarla dolu idi. Dalğalar tullantıları, boş butulkaları, qurumuş qarğıdalını, qarpız qabıqlarını sahilə vurur, sahildə qoyduqlarının əvəzinə yenilərini özü ilə geri aparır və bu hal eyni ilə təkrarlanır. 

İnsanlar isə məhz bu sahildəki tullantılar arasında istirahət edir. Elə dənizə də dalğaların aparıb gətirdiyi tullantıları yararaq girirlər. 

Uşaqlar qarpız qalıqları, şüşə qırıntılar arasında qumdan qalalar düzəldir, çöl itləri uşaqlar ailələr çimən dənizə girib insanlarla bərabər sərinləməyə çalışır.  İnsanların bəziləri yeyib-içdiklərini dəniz kənarında qoyur ya da elə dənizin içinə atır. Elə həmin tullantıların arasında da dənizdə çimməyə davam edirdilər. 

Getdiyimiz çimərlik qadağan olunmuş çimərliklər siyahısındadır. Hər il olduğu kimi bu il də aidiyyatı qurumların apardığı monitorinqlər onu göstərib ki, Şıx çimərliyindəki dəniz suyu normalara cavab vermədiyi üçün həmin ərazida çimmək insan səhhəti üçün bəzi problemlər yarada bilər.  

Respublika Gigiyena və Epidimalogiya Mərkəzinin,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Xəzər Monitorinq İdarəsi ilə birgə bu il mayın 16-da keçirdiyi monitorinqə  əsasən Şıx çimərliyində çimmək qadağan olunub.

Yeri gəlmişkən, qadağa ilə bağlı sahildə bir neçə yerdə "Çimmək qadağandır” lövhələri qoyulsa da, çimərlikdə bu lövhələrə fikir verən yox idi.

Bildirək ki, Şıx adlanan ərazidə xeyli pullu və özəl çimərliklər mövcuddur. Doğrudur, orada da vəziyyət o qədər də yaxşı olmasa da (Bundan əvvəlki reportaja bax: Çimərlik mövsümü: qiymətlər və şərait...) pulsuz çimərliklərlə müqayisədə fərqi görə bilirik. Məsələn həmin çimərliklərdə heç olmsas dəniz kənarı və dəniz suyu təmizlənir. Yəni burdakı kimi tullantılarla dolu olmur. 

"Xalq çimərliyi”nə istirahət etməyə gəlmiş insanlar isə istirahət üçün belə çimərliklərə gəlmələrini maddiyyatla bağlayır. Deyirlər ki, imkan olsaydı, onlar da pullu çimərliklərə gedərdilər. Pulları olmadığı üçün pulsuz çimərliklərdə istirahət edirlər. 

Həmsöhbətlərimizdən biri 40-45 yaşlarında bir kişi deyir ki, antisanitariya hər yerdə var: "Bakı çimərliklərinin demək olar ki, hamısı antisanitar normalara uyğun deyil.  Özəl çimərliklər isə həddindən artıq bahadır.  15-20 manat ora verib orda  üzməkdənsə, burda pulsuz üzürəm”.

Yeri gəlmişkən qadağan olunmuş çimərikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri də var idi. Biz də fürsəti qaçırmayıb, qadağan olunmuş ərazidə insanların çimməsinə münasibt öyrəndik. Özünü təqdim etmək istəməyən xilasedici deyir ki, bu məsələləri şifahi və ya yazılı xəbərdarlıqlarla tənzimləmək çətin məsələdir. 

"Nə qədər qadağa qoyulsa da,  insanlar bura istirahət etməyə gəlir və gələcək. Onların qarşısını almaq mümkün deyil”, - xilasedici belə deyir. 

Fərid Faiqoğlu