11:49, 19 Oktyabr 2018 (Cümə) 178

Putin: İŞİD Suriyada 700 girov götürüb

Putin: İŞİD Suriyada 700 girov götürüb


/ DÜNYA
Rusiya Prezidenti Vladimir Putin iddia edir ki, İslam Dövləti (İŞİD) yaraqlıları Suriyanın Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin nəzarətində olan hissəsində 700-dək girov götürüb və edamlar gerçəkləşdirir. Pentaqon bu iddiaya şübhəylə yanaşıb.

Oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasət forumunda Putin deyib ki, girovlar arasına amerikalılar və avropalılar var. Onun iddiasına görə, İŞİD Fərat çayının sol sahilində tutduğu ərazini genişləndirir. Buraya hazırda Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələri nəzarət edir.

Putin yaraqlıların tələblərinin nədən ibarət olduğunu açıqlamasa da, onların "130-dək ailəni, ümumilikdə 700 nəfəri girov götürdüyünü” söyləyib.

"Srağagün onlar 10 nəfəri edam ediblər, tələbləri yerinə yetirilməzsə, günə 10 nəfəri öldürəcəklərini deyiblər”, – Putin deyib.

Pentaqon isə bu iddialara şübhəylə yanaşıb.

"Ötən həftə Deir-al Zor yaxınlığında məcburi köçkünlərin düşərgəsinə hücum olduğunu təsdiqləmişik, amma bizdə, Prezident Putin iddia etdiyi kimi, çoxsaylı girovların götürülməsinə dair informasiya yoxdur”, – Pentaqonun sözçüsü Sean Robertson deyib.

"Düşərgədə hansısa amerikalının olması haqda bizdə bilgi yoxdur”, – Robertson sözlərinə əlavə edib.