18:21, 24 Noyabr 2016 (Cümə axşamı) 227

"Putin azərbaycanlı girovlarla maraqlanmalıdır" - MÜSAHİBƏ

Noyabrın 23-də Bakıda Dağlıq Qarabağda girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb. 

Toplum.Tv olaraq, komitənin yaradılmasının məqsədi, edilən müraciətlərin cavabsız qalıb-qalmadığı, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin necə olduğu ilə bağlı suallara cavab axtardıq.

Girovların Hüquqlarının Müdafiə Komitəsinin sədri Əlövsət Ağalarov suallarımızı cavablandırdı:

- Əlövsət müəllim, Girovların Hüquqlarının Müdafiə Komitəsinin yaradılmasının məqsədi nədir?

- Komitənin yaradılmasının əsas məqsədi girovların azad olunmasıdır. Həmçinin, müxtəlif təşkilatların, vətəndaş cəmiyyətlərinin, QHT-lərin, dövlət təşkilatlarının, bu işlə məşğul olan dövlət strukturlarının, ümumiyyətlə bütün Azərbaycan ictimaiyyətinin vahid mövqedən çıxış etməsini, təkliflər verməsini və bu təkliflərin hamısını sistemləşdirib beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə, ermənilərin katolik dini rəhbərlərinə müraciət etməklə girovların problemlərinin, heç olmasa, müsbət nəticə ilə sonlanması üçün yaradılıb. Əlimizdən gələn hər bir köməkliyi etməyə çalışırıq. Onların yaxınlarının narahat olduğu qədər biz də narahatıq. Azərbaycan diasporasının güclü olduğu yerlərdə komitənin filiallarını yaratmaq istəyirik. Ukraynaya, Rusiyaya bu haqda müracət etmişik. Orada yaşayan azərbaycanlılar, diaspora təşkilatlarımız bir qrup yaradıb öz təsir imkanlarından istifadə eləməsini istəyirik. Rusiyada hakimiyyətə təsir imkanları olan azərbaycanlıları səfərbər etmək istəyirik. Ukraynada çox hörmət etdiyimiz hüquqşunas var, beynəlxalq hüquq üzrə tanınmış professordur. Onun da çox gözəl təklifləri oldu. Beynəlxalq hüquq səviyyəsində çox yaxşı tanınır və onun çox köməyi ola bilər. Hər kəsin bu işdə köməyi olmalıdır. Bu iş təkcə komitənin işi deyil. Biz o təklifləri dəyərləndirməliyik.

- Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Rusiyanın Azərbaycandakı səfirliyinə ünvanlanan müraciətlərə reaksiya varmı?

- Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə komissarı Zeid Raad al-Husseinə, Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etmişik. Onlardan cavab gözləyirik. Ukraynada çox hörmət etdiyimiz hüquqşunas var, beynəlxalq hüquq üzrə tanınmış professordur. Onun da çox gözəl təklifləri oldu. Beynəlxalq hüquq səviyyəsində çox yaxşı tanınır və onun çox köməyi ola bilər. Hər kəsin bu işdə köməyi olmalıdır. Bu iş təkcə komitənin işi deyil. Biz o təklifləri dəyərləndirməliyik. Prezident İlham Əliyevə də müraciət eləmişik ki, bu günə qədər elədiklərindən daha çox eləsin. Girovlar Ermənistanda vətənsizlik hissi ilə yaşayırlar. Öz doğma torpaqlarına gələ bilmirlər. Hər həftənin şənbə günü ümumi fikir mübadiləsi edirik.  

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətindən xəbər varmı?

- Sonuncu məktub Dilqəm Əsgərovdan gəlib. Çox qısa məktub idi. Vəziyyətin yaxşı olmadığını bir cümlə ilə ifadə edib. Nəzarət güclü olduğu üçün tez-tez məktub yaza bilmirlər. Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov və Şahbaz Quliyevin qardaşı İlham Quliyev bizim komitənin üzvüdürlər. Dilqəm Əsgərov və İlham Quliyev tək deyil. Biz onların yanındayıq. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə görüşüb girovlara bizim onların yanında olduğumuzu, onlar üçün tədbirlər gördüyümüzü çatdırmaqlarını istəyəcəyik. Sınmasınlar, düşməsinlər, həmişə ümid dolu olsunlar. Xalq, dövlət, heç kim onları unutmayıb. Girovlar ən azından Rusiya vətəndaşı olduqları üçün bu ölkənin prezidenti bu məsələ ilə yaxından maraqlanmalıdır. Bu yaxınlarda Ukraynaya gedəcəm. Əlimdən gələn hər şeyi edəcəm.

Alya.A
Toplum.Tv