18:33, 23 Yanvar 2018 (Çərşənbə axşamı) 145

Gözəl Bayramlıya 3 il həbs cəzası verildi - YENİLƏNİB

Gözəl Bayramlıya 3 il həbs cəzası verildi - YENİLƏNİB
AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı üç il azadlıqdan məhrum edildi. 

Yanvarın 23-də Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov belə hökm çıxarıb.

Hökmdə G.Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dolların isə müsadirə olunaraq, dövlət nəfinə keçirilməsinə qərar verilib.

G.Bayramlının vəkili Elçin Sadıqov hökmün qanunsuz və əsassız olduğunu bildirib. 

Vəkil AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
 
***
Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, prosesdə prokuror çıxış edib və onun 4 il azadlıqdan məhrum edilməsini istəyib.

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.