18:14, 10 Mart 2018 (Şənbə) 188

Prezidentliyə namizədlərin sayı 7-yə çatdı

Prezidentliyə namizədlərin sayı 7-yə çatdı
Prezidentliyə rəsmi namizədlərin sayı 7-yə çatıb. Mərkəzi Seçki Komissiyası martın 10-da Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyevi, Müasir Müsavat Partiyasından Hafiz Hacıyevi, "Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayevi qeydiyyata alıb. Onların 40 mindən az olmayan seçici imzası toplaması əsas götürülüb.

Bildirir ki, aprelin 11-nə təyin edilmiş prezident seçkisində daha əvvəl 4 nəfər qeydiyyatdan keçib: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev və müstəqil namizəd, deputat Zahid Oruc.

Seçkidə iştirak üçün Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyası), Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası), Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov da (müstəqil iddiaçılar) sənəd təqdim ediblər.

Seçki yarışına qatılan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə bu həftə geri çəkilib. O və partiyası 11 aprel seçkisində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu dəstəkləmək qərarına gəlib.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.