11:14, 09 Fevral 2018 (Cümə) 32

Prezident meliorasiya fərmanını yeniləyib

Prezident meliorasiya fərmanını yeniləyib
Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 23 iyun 2016-cı il fərmanını yeniləyib.

Sənədin 2.3-cü bəndi ləğv edilib. 

Həmin bəndə əsasən, ASC-nin, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətlərinin meliorasiya və su təsərrüfatı obyektlərini layihələndirməsi, tikinti (inşa, cari və əsaslı təmir, yenidən qurulma, bərpa), idarə olunma, saxlanma, qorunma işləri görməsi üçün lisenziya və icazə alınması tələb olunduqda həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmurdu.

Yenilik "Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliyin tətbiqindən irəli gəlir. 12-ci maddədə dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma onun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən olunan icazə alınması tələb olunmur.

2016-cı il fərmanı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi hüququ alıb. ASC-nin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi zamanı Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir.

president.az