14:03, 13 Mart 2018 (Çərşənbə axşamı) 529

Politoloq: "Hakimiyyət mənəvi məğlubiyyətə uğrayır"

Politoloq:
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və NİDA Vətəndaş Hərəkatı 10 mart mitinqi ərəfəsində inzibati həbs cəzası almış, eləcə də polis bölmələrinə çağırılmış şəxslərin sayını açıqlayıb. 

Məlumata görə, AXCP-nin altı fəal üzvü 15-20 sutka inzibati cəza alıb.
 
Müsavat Partiyasının 50-dən çox, NİDA Vətəndaş Hərəkatının isə 20-yə yaxın üzvünün polis bölmələrinə çağırıldığı bildirilir. Onların arasında sutkalıq cəza alan yoxdur. 

Bəs müxalif fəalların polisə çağırılması mitinqin kütləviliyinə necə təsir edir? 

"İnsanların təhdid və təhqir olunduğunu bilirik”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Toplum.Tv-yə deyib ki, partiya üzvlərinin mitinqə getmələrinin qarşısını almaq üçün onlar bölmələrə çağırılıb: "Polis, ümumiyyətlə, bölmələrə çağırılan müxalifətçilərlə mahiyyəti üzrə danışıq aparılmadığını bildirdi.
 
 

Mən ondan bu mahiyyətin nədən ibarət oluduğunu soruşanda isə bildirdi ki, insanların polis bölməsinə çağırılması xaricdə yaşayan azərbaycanlıların statusları ilə bağlıdır. Belə ki, guya bu şəxslər Azərbaycandakı insanları təhqir edən statuslar və videolar paylaşır, polislər də bu tip statusların paylaşılmasının qarşısını almaq istəyir. Guya insanları onlara bu məsələnin həllində kömək üçün çağırırlar. Amma polis mənə özü etiraf etdi ki, bölməyə çağırılan insanlarla bu istiqamətdə danışıqlar aparılmayıb. Əksinə, mitinqlə bağlı söz-söhbətlər olub. Halbuki bizim mitinqlə bağlı heç bir iradımız, iddiamız yoxdur. Mən polis bölmələrinə çağırılan bütün insanlarla kobud rəftar olunduğunu, xüsusən, Binəqədi Rayonunun 5-ci və 7-ci polis bölmələrində insanların təhdid və təhqir edildiyini, onların üzərinə müxtəlif şər və böhtanlar atıldığını öyrəndim”.

"Cəzalandırılmaların təsadüfi olmadığını bilirik”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə artıq insanların mitinq ərəfəsində bölmələrə aparılmasını adi hal kimi qəbul etdiyini deyib: "Hər mitinqqabağı və mitinqlər dövründə belə hadisələr baş verir. Artıq bizim fəallar mitinqdən öncə polisə getməyə sıradan bir iş kimi baxırlar.
 
 
Hər mitinqqabağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından inzibati qaydada cəzalananlar, sutkalıq həbs alanlar olur. Bu baxımdan Milli Şura olaraq  mitinqlər ərəfəsində insanların inzibati qaydada cəzalandırılmasının təsadüfi olmadığını bilirik. Xüsusilə aktiv şəxslərin qorxudularaq, pərən-pərən salınması mitinqin təşkilatçılığına zərbədir”.

"Hökumət rəsmən razılaşdırdığı mitinqlərə sərbəst hazırlığa imkan vermir”

Politoloq Nəsimi Məmmədli isə məsələni belə şərh edib: "Artıq hər mitinq ərəfəsində onlarla təşkilatçının müxtəlif qondarma ittihamlarla inzibati həbs cəzasına məruz qalması adi hala çevrilib. Hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq konvensiyalarda, ölkə Konstitusiyasında və qanunlarında təsbit olunan əksər hüquqlar mütəmadi olaraq çox kobud şəkildə pozulur. Xüsusilə də sərbəst toplaşmaq azadlığı elə bir məhdud çərçivəyə salınıb ki, onun mövcudluğundan danışmaq mümkün deyil. Hökumət rəsmən razılaşdırdığı mitinqlərə sərbəst hazırlığa imkan vermir, mitinq ərəfəsində yüzlərlə fəal təşkilatçı inzibati həbs olunur, hətta meydanda çıxış edən şəxslərin mikrafonları söndürülür, tribunada olan şəxslər polis tərəfindən medianın gözü önündə açıq hədələnir. Sanki siyasi hakimiyyət ölkə polisi və məhkəmələrin qarşısına əsas vəzifə kimi müxalifəti "zərərsizləşdirmək” öhdəliyi qoyub. Bu hal çox ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də ölkədə totalitar idarəetmənin möhkəmləndirilməsinə istiqamət götürüb. Ölkə daxilində müxalifətə qanunların imkan verdiyi elementar hüquqları həyata keçirmək çətinləşdikcə, ölkə xaricində mühacirətdə olan fəal şəxslərin apardıqları yeni mübarizə taktikasına sürətlə rəğbət artır. Ölkədə hökumət orqanlarının hüquqa və qanunlara olduqca aşağılayıcı münasibət sərgilədiyini görən vətəndaş, sanki kütləvi şəkildə qanunsuz əməllərə təşviq edilir”.
 
 

"Mitinq təşkilatçılarını həbs etməklə, işdən çıxarmaqla mitinqlərin kütləviliyinə müəyyən qədər zərbə vurulsa da, ən böyük zərbə ölkənin beynəlxalq imicinə dəyir. Sanki hökumətdə çox nəhəng gizli şəbəkə var və ölkənin imicinin beynəlxalq müstəvidə getdikcə bərbad hala düşməsi üçün sistemli iş aparırlar. Ölkə daxilində polisin və məhkəmənin birgə "qələbə” çaldığı fəal vətəndaşlar ölkədən mühacirət etdikdən sonra Avropanın şəhərlərində bütövlükdə siyasi hakimiyyəti mənəvi məğlubiyyətə uğradırlar. 10 mart mitinqinin təşkilatçılarına edilən basqılar, qondarma ittihamlarla həyata keçirilən inzibati həbslər müxalifət fəallarını qorxutmasa da, narazı əhalinin etirazlara qoşulmasına əngəl yarada bilir. Hökumət cəmiyyətdə müşahidə edilən yeni etiraz formalarını, müxalifətçilik tendensiyalarını düzgün qiymətləndirə bilmir. Dinc mitinqlərin kütləviliyinin qarşısını hər dəfə qanunları pozaraq almaq praktikasının bir gün əks təsir göstərəcəyi şübhəsizdir”, - N. Məmmədli bildirib. 

Ofelya Ramilqızı
Toplum.Tv