14:23, 03 Yanvar 2017 (Çərşənbə axşamı) 171

Polis Özbəkistan vətəndaşlarının evlərinə baxış keçirib

Polis Özbəkistan vətəndaşlarının evlərinə baxış keçirib
Yanvarın 1-də İstanbulun Zeytunburun rayonunda yaşayan özbəklərin evlərində axtarış aparılıb.

AzadlıqRadiosu Özbəkistan xidmətinin bu rayonda yaşayan mobil reportyorunun verdiyi məlumata görə, əməliyat 4 saat sürüb.

Şübhəli miqrantlar Kumkapı rayonundakı depaortasiya mərkəzinə aparılıblar.

Deportasiya mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, polis onların Türkiyədə yaşayış və iş icazəsi, həmçinin onların beynəlxalq axtarışda olub-olmamasını araşdırıb.

Əməliyyatı zamanı çəkiliş aparılmasına icazə verilməyib.

Müxbirin məlumatına görə, axtarış aparılan evlərdə əsasən Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan vətəndaşları, həmçinin uyğur və çeçenlər yaşayırmışlar.

Qeyd edək ki, "Hürriyet” qəzeti bundan əvvəl yeni il axşamı İstanbuldakı gecə klubuna edilən silahlı hücumun Özbəkistan və ya Qırğızıstan vətəndaşı tərəfindən törədilə bilməsi barədə məlumat yaymışdı.

Yerli sosial şəbəkələrdə ölkədə sakitliyi pozan xaricilərin Türkiyədən deportasiya edilməsi ilə bağlı çağırışların artdığı müşahidə olunur.

AzadlıqRadiosunun Qırğızıstan xidmətinin İstanbuldakı müxbiri Elvira Budayçiyeva deyir ki, bu terror aktında özbək və ya qırğızların adının hallanması miqrantlar, xüsusilə də tələbələr arasında narahatlıq doğurur.

Amma müxbir qeyd edir ki, Türkiyə cəmiyyətində onlara qarşı elə bir əhval-ruhiyyə hiss olunmur, çünki bilirlər ki, adi miqrantların terrorçularla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Yeni il axşamı İstanbuldakı "Riena” gecə klubuna edilmiş silahlı hücumda azı 39 nəfər ölüb, 69 nəfərsə xəsarət alıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, avtomat ”Kalaşnikov”la silahlanmış terrorçu avtomatın darağını 7 dəfə dəyişib.

Rəsmi məlumata görə, ölənlərdən 16-sı xaricilərdir, amma onların arasında Özbəkistan vətəndaşı yoxdur.

Hücuma görə cavabdehliyi "İslam Dövləti” qrupu üzərinə götürüb.