12:53, 11 Yanvar 2017 (Çərşənbə) 114

Poladəritmə zavodu ləğv edilib

Poladəritmə zavodu ləğv edilib
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC ləğv olunduğunu elan edib. Bu barədə "Vergilər" qəzetində elan verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanındakı "Demirchi Tower" biznes mərkəzində yerləşən ofisinə bildirə bilərlər.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2014-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 2 milyon manat idi.

Azərbaycan prezidenti 2013-cü il aprelin 23-də kompleksin səhmləri dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyət kimi yaradılması haqqında sərəncam imzalamışdı.

Kompleksdə Azərbaycan ərazilərində olan dəmir filizinin hasilatından tutmuş, polad istehsalına qədər bütün proses həyata keçirilirdi.

Bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadənin təşkili də kompleksin vəzifələri sırasına daxil idi.