21:22, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 38

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırmağı qərar verib.

 APA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
 
"Mən fəxr edirəm ki, ölkəm tərəfindən YUNESKO-nun baş direktoru  vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.
 
Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.
 
YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin YUNESKO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb.  
 
Məhz YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.
 
Lakin qələbə üçün lazım olan 30 səs uğrunda mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik.  
 
Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən bunu borcunu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm” - o bildirib.