11:57, 03 Oktyabr 2018 (Çərşənbə) 345

Paş‌inyan istefa verəcəyini deyir

Paş‌inyan istefa verəcəyini deyir


/ DÜNYA
Ermənistan baş naziri Nikol Paşinyanın parlament fraksiyaları ilə danışıqları başa çatıb.

Bundan sonra Milli Məclis binasının qarşısına toplaşmış on minlərlə tərəfdarı qarşısında çıxış edən Paşinyan deyib ki, onun istefa verəcəyi təqdirdə heç bir fraksiya bu vəzifəyə namizəd irəli sürməməyi vəd edib.

Paşinyan deyib ki, danışıqlar uzun çəkib və o bütün təfərrüatları xatırlamır, lakin onun fikrincə fraksiyalar "xalqın mesajını” başa düşüblər və baş nazirliyə namizəd verməyəcəklər.

Ermənistan paytaxtında siyasi gərginlik yenidən artıb. AzadlıqRadiosunun Yerevandan canlı yayımında keçmiş hakim partiyanın parlamentdən getməsini tələb edən yüzlərlə Paşinyan tərəfdarının Milli Məclisin həyətinə daxil olduğu görünür.

Etirazçılar hələ parlamentin binasına girməyiblər. Orada keçmiş hakim partiyanı və iki başqa fraksiyanı təmsil edən onlarca millət vəkili var. Onlar oktyabrın 2-də Paşinyanın "əks-inqilabi” adlandırdığı ziddiyyətli qanun layihəsinə səs veriblər.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyana müraciət edərək onu parlamentin oktyabrın 2-də qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişi imzalamamağa çağırıb.

Ermənistan parlamentində 67 səslə qəbul edilmiş qanun Milli Məclisin baş nazir tərəfindən buraxılmasını qeyri-mümkün edir.

Bu qanuna keçmiş hakim Respublikaçı Partiyanın, Tsarukyan blokunun və Erməni İnqilabi Federasiyasının və ya Daşnaksütyun Partiyasının millət vəkilləri səs veriblər. Qanunun əleyhinə yalnız Yolk fraksiyası səs verib.

Paşinyan oktyabrın 2-dən başlayaraq Yerevanda keçirdiyi etiraz mintinqində tərəfdarlarına deyib:

"Qanun 21 gün ərzində qüvvəyə minməlidir. Prezident ya bu qanunu imzalamalı, ya da Konstitusiya Məhkəməsinə müraciət edərək aktın qanuniliyi məsələsini qoymalıdır. Məncə siz mənə səlahiyyət verirsiniz ki, buradan Ermənistan prezidenti Armen Sarkisyana müraciət edərək onu bu qanunu imzalamamağa çağırım”.

Bundan az əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Bagramyan prospektində keçirilən mitinqdə bəyan etmişdi ki, parlament fraksiyaları ilə danışıqlar aparmaq üçün Milli Məclisə gedir.

O mitinqdəki çıxışı zamanı hadisələrin bundan sonrakı ssenarisi barədə mülahizə yürüdüb. Pashinian bildirib ki, baş nazir vəzifəsindən istefa edəcək və əgər Milli Məclis onun baş nazir olmasına iki dəfə səs verməsə, onda Konstitusiyaya uyğun olaraq parlament buraxılmalı və növbədənkənar parlament seçkisi keçirilməlidir.

Bundan əvvəl Paşinyan Daşnaksütyun və Firavan Ermənistan partiyalarından olan bir neçə meri və nazirləri vəzifələrindən azad edib.

Oktyabrın 2-də baş nazir öz tərəfdarlarını onun sözləri ilə deyilərsə, opponentlərinin parlamentdəki"əks-inqilabına” etiraz bildirməyə çağırmışdı.

Ötən may ayında kütləvi etiraz aksiyalarının nəticəsində hakimiyyətə gəlmiş Paşinyan parlamentdə çoxluq təşkil edən opponentlərinin mandatdan məhrum edilməsi məqsədilə erkən seçkilərin keçirilməsinə çalışır.

Buna cavab olaraq onun opponentləri Paşinyan parlamenti buraxmasını mümkünsüz edən qanun layihəsini ilkin oxunuşda qəbul ediblər.
 
Azadlıq Radiosu