13:49, 19 İyun 2018 (Çərşənbə axşamı) 271

Pambıq sahəsində yenə kütləvi zəhərlənmə olub

Pambıq sahəsində yenə kütləvi zəhərlənmə olub
Bu gün, iyunun 19-da İmişli rayonunda da pambıq sahəsində çalışan fəhlələrin kütləvi zəhərləndiyi bildirilir.

İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər:

"Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bu son həftələr Azərbaycanda pambıq tarlasında üçüncü kütləvi zəhərlənmə ilə bağlı yayılan məlumatdır.

Bu günlərdə Tərtər və Saatlı rayonlarında da pambıq sahəsində kütləvi zəhərlənmə baş verib. Tərtər rayonunda iyunun 16-da 14 nəfərin zəhərləndiyi, onlardan 4 nəfərin Yevlax Rayon Mərkəzi Xəstəxanasında Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

İyunun 10-da isə Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 8 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.

Üstəlik bildirildi ki, zəhərlənən qadınlardan birinin körpəsi və körpəyə baxan bir qadının da səhəti pisləşib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.