22:59, 12 Noyabr 2018 (Bazar ertəsi) 289

OPEC ləğv olunur?

OPEC ləğv olunur?
Səudiyyə Ərəbistanın energetika naziri OPEC-in ləğv olunacağı məlumatlarını təkzib edib.

OPEC-in ləğv olunacağı ilə bağlı məlumatları Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih təkzib edərək deyib: "Mən sizi əmin edə bilərəm ki, OPEC-in ləğv olunması planları yoxdur". 

İqtisadçı Natiq Cəfərli OPEK-lə bağlı ilk dəfə 2003-cü ildə Amerikada məhkəmə prosesi olduğunu deyir.

Onun sözlərinə görə, sonradan dəlil yetərsizliyi adı altında bu, prosses saxlanıb: "Hər kəs də başa düşdü ki, siyasi bir qərar oldu. Çünki ABŞ-la OPEK arasında anlaşma baş verdi. Söhbət ondan gedir ki, dünyada kartel sövdələşmələri iqtisadi cinayət sayılır. Yəni hüquq məntiqi ilə götürsək, OPEK neft hasil edən ölkələrin kartel toplantısıdır. Kartel danışıqlarına uyğun olaraq, 2016-cı ildə hasilatın azaldılması yolu ilə qiyməti qaldırmaq kimi bir addım atdılar. Bu, əslində, beynəlxalq hüquq, Ümumdünya Ticarət Təşkilatının qaydaları baxımından cinayət sayıla bilər. Çünki Avropa ölkələrində buna bənzər digər şirkətlərə qarşı maliyyə cinayəti araşdırmaları aparılıb. Hətta "Apple”, "Google”, "Samsung” kimi iri şirkətlərin kartel sövdələşmələrinə görə ciddi şəkildə cəzalandırılması da baş verib”.

O qeyd edir ki, bu baxımdan Trampın açıqlamasında müəyyən həqiqət var: "Bir anda düşünün ki, dünyanın çox az ölkəsində şokolad ağacları var və orada şokoladın istehsalı üçün xammal yetişir. Həmin ölkələr də şokolad karteli yaradıb, qiyməti qaldırmaq üçün də ağacların sayını azaldırlar. Belə olarsa, dərhal dünya ayağa qalxar ki, siz maliyyə cinayəti ilə məşğulsunuz. Həmin məntiqə görə, gələcəkdə OPEK-ə qarşı da bu cür addımların atılması mümkündür. Artıq Konqresə bu yaxınlarda NOPEK adlı qanun layihəsi də təqdim olunub. Bu qanun layihəsinə görə, Amerika ərazisində şirkətlər, fiziki və hüquqi şəxslər kartel sövdələşməsinə görə qiymət artımı məsələsində OPEK-i məhkəməyə verib, təzminat ala biləcəklər”. 

Ekspert əlavə edib ki, əgər qanun layihəsi yanvar ayına qədər Konqresin müzakirəsinə çıxsa və qərar qəbul olunsa, ciddi proseslər başlaya bilər: "Bu isə OPEK-in sonunu gətirər. OPEK yaradılan zaman hasilatın tənzimlənməsindən başqa, neft yataqlarının işlənməsi, yeni texnologiyanın tətbiqi, neft hasil edən ölkələrin bir-birinə dəstək olması məsələsi də nəzərdə tutulurdu. Sonradan isə kvotaların müəyyənləşməsi artıq OPEK-in kartel sövdələşməsinə getdiyinin sübutudur. Ola bilər ki, Səudiyyə Ərəbistanı gələcəkdə ciddi təzminatlar ödəyəcəyi haqqında indidən düşünür. Ona görə də gələcəkdə OPEK-in formatının dəyişdirilməsi ilə bağlı indidən addımlar atmaq istəyir. Məqsəd də odur ki, əgər Amerikada bəhs etdiyimiz qanun layihəsi qəbul olunarsa, bu qərardan kənarda qalsın və təzminat ödəməsin. Ona görə də OPEK-in gələcəyi dumanlı görünür. Səudiyyə OPEK-dən çıxsa və təşkilatın əhəmiyyəti azalsa bu, neft qiymətlərinə ciddi təsir göstərəcək”.

Natiq Cəfərlinin sözlərinə görə, belə olan halda, Azərbaycan da problem yaşayacaq: "Qeyd etdiyimiz hal baş versə, neft şirkətlərinə ağır zərbə dəyəcək. Çünki hər bir ölkə çalışacaq ki, kvotalara əməl etmədən, neft hasilatını artırsın ki, bazarda yerini qorusun. Yəni çox ciddi məsələdir və bu, Azərbaycana da zərərdir. Azərbaycanda iqtisadiyyatın ciddi şəkildə neftdən asılılığını, neft qiymətlərinin bütün makroiqtisadi göstəricilərdə həlledici rol oynadığını düşünsək, təbii ki, neftin gələcəkdə qiymətinin düşməsi, Azərbaycan iqtisadiyyatına da böyük zərbə vura bilər. Burada hələ ki yeganə qeyri-müəyyənlik İranla bağlıdır. Tramp administrasiyası hələ ki, 8 ölkəyə 6 aylıq müddətə İrandan neft almağa icazə verib. Həmin 8 ölkə İran neftinin 95 faizini alırdı. İranla bağlı münasibət daha da kəskinləşsə, hərbi gərginlik yaransa, o zaman neftin qiymətləri kəskin bahalaşa bilər. Lakin belə bir ehtimallar getdikcə azalsa, əksi baş verə bilər. ABŞ-la İran arasında danışıqlar müsbət yekunlaşarsa, yeni saziş bağlanarsa, neft qiymətlərinə böyük zərbə dəyə bilər”.

Deputat Aydın Mirzəzadə isə Toplum.Tv-yə OPEK-in bağlanmasının qeyri-mümkün olduğunu deyir: "OPEK neft istehsal edən ölkələrin neft bazarına çıxarılacaq neftin həcmini müəyyənləşdirmələri üçün yaradılıb. Əgər OPEK olmasa kordinaasiya mərkəzi olmur və dövlətlər öz maraqlarına uyğun həcmdə neft istehsal edirlər. Bu da neft qiymətlərinin kəskin şəkildə dəyişməsinə və dünya isqtisadiyyatında ciddi problemlərin yaranmasına səbəb olacaq”. 

Xatırlatma: Ötən həftə "The Wall Street Journal” nəşri Səudiyyə Ərəbistanının Kral Abdulla Neft Araşdırmaları mərkəzinin OPEC-in dağılması ehtimalını və bunun neft bazarı üçün mümkün nəticələrini araşdırdığı barədə məlumat yaymışdı. 

Gülzar N. Məmmədli
Toplum TV