16:32, 20 Oktyabr 2017 (Cümə) 35

Növbəti ilin büdcəsinin gəlir və xərcləri

Növbəti ilin büdcəsinin gəlir və xərcləri
Növbəti il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir.

Deputat Vahid Əhmədov bildirib ki, dövlət büdcəsi haqqında layihədə bunlar əks edilib. Onun deməsinə görə, beləliklə, dövlət büdcəsinin 778.7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Deputat deyib ki, mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476.329 mln. manat, yerli gəlirlər 650.671 mln. manat məbləğində ifadə edilib.

Mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181.608 mln. manat, yerli xərclər isə 724.092 mln. manat məbləğində göstərilib.

Deputatın deməsinə görə, layihədə neftin bir barreli 45 dollar götürülüb.

Azərbaycanın 2018-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edilib.

Oktyabrın sonu - noyabrın əvvəlində parlament komitələrində layihənin müzakirəsi keçiriləcək.

2018-ci il üzrə dövlət və icmal büdcənin layihələrini, habelə növbəti üç il üzrə icmal büdcənin göstəricilərini Nazirlər Kabineti sentyabrda müzakirə edib.

Maliyyə Nazirliyinin hazırladığı layihələr bəyənilib.

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollar civarında satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 mlrd. 41 mln. manat artırılıb.