19:04, 09 Yanvar 2017 (Bazar ertəsi) 226

Nuray olayında hansı daha obyektiv oldu: Sosial, yoxsa ənənəvi media?

Nuray olayında hansı daha obyektiv oldu: Sosial, yoxsa ənənəvi media?
"Əgər bu video ilk dəfə sosial şəbəkələrdə yayılmayıb, televiziyaların-ənənəvi medianın əlinə düşsəydi, onlar icazə almadan bunu yaya bilməyəcəkdi və nəticədə cəmiyyət bilgisiz qalacaqdı”.

Bunu Toplum.Tv-yə media eksperti Ələsgər Məmmədli son günlərdə sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olan azyaşlı Nurayın üzləşdiyi olaya münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycan reallığında ənənəvi media artıq media funksiyasından xeyli uzaqlaşamağa başlayıb, daha çox təşviqat - təbliğat platforması kimi çıxış edir: ”Sosial media olmasaydı, cəmiyyəti silkələyən bu hadisədən heç kəsin xəbəri olmayacaqdı. Çünki hadisə 9 dekabrda baş verib və yalnız yanvarın 6-da sosial mediada yayıldıqdan sonra cəmiyyət bilgilənib. Demək ki, sosial media çox böyük gücə sahibdir və ictimai rəyin formalaşmasında önəmli rol oynayır. Əlbəttə ki, sosial mediada bu prosesi sonradan qiymətləndirən tərəflərdə müxtəlif fikirlər ola bilir. Amma bu fikirlərin böyük əksəriyyəti gerçək, obyektiv qiymətləndirməyə yönəlmişdi, xüsusilə, uşağın o andakı psixoloji vəziyyəti, ona qarşı tətbiq olunan zorakılıq, zorakılığın paralelində ona qarşı verilən mənəvi işgəncə cəmiyyətin böyük bir hissəsini narahat edirdi. Amma bu narahatlıq bir az da qəzəbə dönmüşdü. Ona görə də insanlar bəzən emosional reaksiyalar verirdilər. Ənənəvi media Azərbaycanda müstəqil deyil, böyük bir hissəsi nəzarət altındadır. Buna görə də onlar ancaq icazəli olaraq bu məsələyə yanaşırlar. Hətta bu video sosial şəbəkədə yayılmasaydı, televiziyalara, ənənəvi medianın əlinə düşsəydi, onlar icazə almadan bunu yaya bilməyəcək və nəticədə cəmiyyət bilgisiz qalacaqdı. Düşünürəm ki, bu aspektdən ənənəvi media ilə sosial media arasında fərq var, yəni sosial media aktual məsələni cəmiyyətin gündəminə senzurasız, bir-başa çıxara bilir, ənənəvi media isə icazə verilmiş mövzuları işləyə bilir. Bu baxımdan ənənəvi media sosial mediaya uduzur. İkinci tərəfdən yanaşdıqda, təbii ki, ənənəvi medianın içərisində daha peşəkar insanlar var, hansı ki onlar jurnalistika fəaliyyəti ilə məşğuldurlar və çox vaxt jurnalistikanın prinsiplərini birləşdirərək aktuallıq, obyektivlik, operativlik dilemmalarını mümkün qədər balanslı şəkildə götürməyə çalışırlar. Ona görə də bu tip məsələləri daha sonra tərəfləri dinləyərək araşdırmaq baxımından ola bilsin ki, ənənəvi media bir addım önə keçə bilər. Amma Azərbaycan reallığında ənənəvi media artıq media funksiyasından xeyli uzaqlaşamağa başlayıb ki,  daha çox təşviqat - təbliğat platforması kimi çıxış edir. Bu baxımdan sosial media öndədir”.
Ə.Məmmədli sosial mediada bəzi istifadəçilərin kütləvi şəkildə etik çərçivələrə nəzarət etmədən hər hansısa məsələyə yanaşmasını yanlış hesab edir: ”Sosial şəbəkə istifadəçiləri bir şeyi unutmamalıdırlar ki, ifadə ettikləri düşüncələr başqalarına zərər verməyəcək həddə olmalıdır. Başqalarının mənafeyinə, şərəf və ləyaqətinə, nüfuzuna zərər gətirməyəcək düşüncələr ifadə olunmalıdır. Bu çərçivə varsa, orada özünü senzuraetmə istəyi önə keçməlidir. Təəssüf ki, sosial mediada özünüsenzura yoxdur. Ənənəvi mediada isə həm özünüsenzura, həm də medianın kapitanlarının senzurası var. Ənənəvi media azadlıq aspektindən uduzsa da, peşəkarlıq cəhətdən zaman-zaman sosial mediadan daha aydın təsəvvür yaradır. Yekun olaraq qeyd edim ki, Azərbaycanda sosial medianın olması yaxşı haldır. Çünki cəmiyyət onu narahat edən və həllini gözləyən problemləri bu vasitə ilə dolayı da olsa, həll etməyə təşəbbüs göstərə bilir”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sözügedən videonun yayılmasında medianın dilemma qarşında qaldığını vurğulayıb:
 Image result for Müşfiq Ələsgərli
”Sosial media Nuray məsələsində bir az operativ tərpəndi. Ənənəvi medianın yanaşması ilə sosial medianın yanaşması arasında bir neçə saatlıq fərq oldu. Lakin ümumilikdə götürüldükdə bu məsələ dilemmadır, yəni operativ yoxsa, gecikib dəqiq xəbər vermək məsələsi idi. Sosial media operativ olsa da, sonradan məlum oldu ki, gedən xəbərlərin 50 faizi yanlış informasiyalardır. Videoda əks olunan hadisələr hamımızı həyəcanlandırdı. Bununla bağlı tədbir görülməlidir, amma sonra aydın oldu ki, informasiyanın bir qismi dezinformasiyadır. Məsələn orada verilmişdi ki, ata 10 ildir, qızından imtina eləyib. Sonra məlum oldu ki, ata 6 ildir, valideynlik hüququnu bərpa eləmək üçün məhkəmələrdə çalışır. Bu cür yanlış xəbərlər sosial mediada yer almışdı. Hadisə insanlarda emosional təsir bağışladı. Buna görə də real olanları görmək mümkün olmadı. Məsələ ondadır ki, sosial mediada daha operativ tərpənsə də, obyektivlikdən uzaq idi. Bizim ənənəvi media isə həmin yanlışların aradan qaldırılmasına səy göstərdi, qismən də olsa, buna nail ola bildi. Təkcə Azərbaycanda deyil, dünya təcrübəsində də sosial media operativ xəbər kimi qəbul olunur, amma xəbərin güvənliliyi məsələsində problem yaşanır. Təbii ki, cəmiyyətimiz də bunu nəzərə almalı, sosial medianın yaydığı hər xəbərə güvənib olduğu kimi qəbul etməməlidir”.

Jurnalist Aynur Elgünəş videonun yayılması ilə jurnalislərin operativliyi üstün tutduğunu,bununla da obyektivliyin ikinci plana keçdiyini qeyd edib:
Image result for Aynur Elgünəş
”Bu məsələdə ənənəvi media ilə sosial medianın əsas fərqi onda oldu ki, ənənəvi media araşdırmağa, prosesi təhlil etməyə meyil göstərdi. Amma yeni media, xüsusən, sosial şəbəkələrdən istifadə edən jurnalistlər aldıqları xəbəri anında çatdırmağa səy göstərir. Bu da çox yanlış nəticə doğurdu. Təbii ki, sosial media xəbərin daha operativ çatdırılması baxımından böyük üstünlüyə malikdir, ənənəvi medianın üstünlüyü isə daha dolğun, doğru məlumat çatdırmasıdır. Jurnlist kimi baxışımda Nuray məsələnin işıqlandırılmasında çox ciddi qüsurlara yol verildi. Media Nurayın görüntüsünü yayılmasından tutmuş, ondan müsahibə götürülməsinə və onun uşaq hüquqlarının pozulmasına qədər çox ciddi yanlışlara yol verdi. Sosial media ictimai qınağı kiyafət qədər yönləndirdi, bu baxımdan ənənəvi media üstünlük qazandı. Peşəkarlıq baxımından ənənəvi media sosial mediadan üstün olduğunu göstərdi”.

2009-cu ildə Quba Rayon Məhkəməsi 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarovadan alınaraq atası Əvəz Bayramzadəyə verilməsi haqda qərar qəbul edib. Qarşı tərəf Apelyasiya və Ali Məhkəməyə şikayət etsə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu ilin dekbarında qərarın icrası zamanı rayon məhkəmə icraçıları atası ilə getmək istəməyən 10 yaşlı Nuraty Bayramazadəyə və xalası Mehriban Eldarovaya zor tətbiq ediblər. Bu zorakılıqla bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb. Həmin zorakılıq görüntüləri sosial şəbəkələrdə ciddi ictimai rezonans doğurub.

Ofelya Ramilqızı
Toplum.Tv