10:32, 13 Sentyabr 2018 (Cümə axşamı) 292

Nikaha girmək istəyən 105 nəfərdə QİÇS tapılıb

Nikaha girmək istəyən 105 nəfərdə QİÇS tapılıb
2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyi Mətbuat Xidməti müayinədən keçənlərdə aşkar olunan xəstəliklərlə bağlı məlumatları açıqlayıb.

Nazirliyin məlumatına görə, 93 min 138 nəfərdən 2 min 773 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.

Nigahdan əvvəl 242 nəfərdə də sifilis xəstəliyi tapılıb. 8 ayda nigaha girmək istəyənlərdən 105 nəfərində isə HİV1/2 (QİÇS) xəstəliyinin qeydə alındıgı bildirilir.

Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edildiyi bildirilir.

QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromudur.

HİV yaxud İİV –insanın immun çatışmazlığı virusudur. O, insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. QİÇS diaqnozu, adətən, İİV-ə yoluxandan bir neçə il sonra - insanda bir və ya bir neçə ciddi xəstəliklər yarandıqda qoyulur.

Bu ilin əvvəlində açıqlanıb ki, Azərbaycanda 1987-ci ildən (ilk dəfə infeksiyasının aşkar edildiyi vaxtdan-R) Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyata alınıb.