01:06, 14 Mart 2018 (Çərşənbə) 190

Nəqliyyat Agentliyindən sürücülərin qayda pozuntusuna reaksiya

Nəqliyyat Agentliyindən sürücülərin qayda pozuntusuna reaksiya
Yolların təmiri ilə əlaqədar Yeni Yasamal ərazisində hərəkət edən avtobusların nəzərdə tutulmuş intervalda məntəqəyə çatmasında problemlər yaranır. 

Martın 13-də, səhər 10 radələrində 77 nömrəli avtobusda qəza vəziyyəti yaranıb. 

Hadisə yerində olan Toplum Tv əməkdaşının sözlərinə görə, sürücünün sürət həddini aşması nəticəsində avtobusa minən yaşlı, ayaqları yarıiflic kişi yıxılıb.

Sərnişinlərin kişini ayağa qaldırmaq üçün cəhdləri özlərinin də yıxılmalarına səbəb olub.

Sərnişinlərin şikayətinə cavab olaraq Bakı Nəqliyyat Agentliyi mətbuat xidməti Mais Ağayev bildirib ki, əgər sürücü intervalı bəhanə gətirib sürət həddini artırırsa, bu yolverilməzdir: "Elə bir səbəb ola bilməz ki, sürücü ona görə sürət həddini artırsın. Birmənalı olaraq, sürət həddinin artırılması qadağandır. Avtobus sürücüsü olan hər kəs bu təhlükəsizlik qaydalarına əməl etməlidir”.

Onun sözlərinə görə, sürücülərin bu kimi sözləri özlərinə haqq qazandırmaq üçündür: "Bu məsələ ilə bağlı 77 saylı maşurt xətti üzrə fəaliyyət göstərən daşıyıcıya məlumat verəcəyik”.

Mais Ağayev bildirir ki, əgər təmir işləri getdiyinə görə gecikmələr olursa, bunu məsul şəxslər (dispeçerlər, dəstə rəisləri) tənzimləməlidir: "Gecikmə varsa belə, bu, sürücüyə sürəti qaldırmaq üçün əsas deyil. Avtobuslar üçün yolda müəyyən olunmuş sürət həddi var. Gərək ona əməl etsinlər”.

Sürücünün məntəqə başına çatmamış sərnişinləri yolda yarımçıq məcbur düşürməsi isə sərnişinlərin qəzəbinə səbəb olub. Lakin sürücü buna məhəl qoymayaraq, yoluna davam edib. Və bildirib ki, ona intervalı aşmaq səlahiyyəti verilməyib. 

"Əgər mən Axundov bağına kimi getsəm, 10-15 dəqiqə gecikərəm. Rəhbərlik mənim başıma oyun açar”, - deyə sürücü bildirib.

Mais Ağayev isə bunu sürücünün qaydaları pozması kimi qiymətləndirib. 

Onun sözlərinə görə, ancaq yol bağlı olarsa, sürücü mənzil başına getməyə bilər, amma "gecikdim” və s. buna əsas deyil: "Avtobus sürücülərinə və daşıyıcılara məlum olan qaydalar var. Bu qərarlar Nazirlər Kabinetinin, Bakı Nəqliyyat Agentliyinin rəsmi tələblərinə əsasən tənzimlənir. Ona uyğun da hüquqi normativ aktların tələblərinə mütləq əməl etməlidirlər. "Gecikirəm” deyə yoldan geri qayıtmaq yolverilməzdir”.

Gülzar N. Məmmədli
Toplum TV