15:03, 27 Fevral 2018 (Çərşənbə axşamı) 271

Nemtsovun qətlindən 3 il ötür

Nemtsovun qətlindən 3 il ötür


/ DÜNYA
Rusiyada müxalif siyasətçi Boris Nemtsov-un keçmiş dostları, həmkarları və tərəfdarları fevralın 27-də onun qətlinin üçüncü ildönümünü qeyd edirlər.

Müxalifətçi İlya Yaşin deyib ki, Moskvanın Saxarov Mərkəzində mərasim keçiriləcək, orada Nemtsov-un həyatının fərqli anlarında çəkilmiş fotoların sərgisi də təşkil olunacaq.

Tədbir iştirakçıları "Dostum Boris Nemtsov” adlı sənədli filmə də baxa biləcək, siyasətçinin hazırda Almaniyada yaşayan qızı Zhanna Nemtsova-nın öncədən yazılmış bəyanatını dinləyəcəklər.

Axşam saat 10-da isə Nemtsovun güllələndiyi, Kreml yaxınlığındakı körpü üzərinə toplaşacaq, siyasətçinin xatirəsini bir dəqiqlik sükutla anacaqlar.

Fevralın 25-də minlərlə adam Moskvada və Rusiyanın digər şəhərlərində Nemtsov-u anım yürüşünə çıxıb. O, prezident Vladimir Putin-in açıq tənqidçisi idi.

Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də qətlə yetirilib.

İyulda Moskvada məhkəmə Rusiyanın Çeçenistan regionundan beş nəfəri bu qətldə təqsirli bilərək uzunmüddətli həbsə məhkum edib.

Ancaq siyasətçinin qohumları və həmkarları onun qətlinin daha yuxarı səviyyədən sifariş olunduğunu deyirlər. Onların fikrincə, qətlin sifarişçiləri tapılmayınca ədalət təmin olunmayacaq.

Fevralın 26-da Nemtsov-un qətlinin ildönümü münasibətilə yaydığı bəyanatda ABŞ Dövlət Departamenti Rusiyanı universal insan haqlarının qorunmasıyla bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bu ay Vaşinqton DC-nin yerli hökuməti Rusiya səfirliyinin yerləşdiyi küçəyə Nemtsov-un adını verib, Moskvasa bu addımdan gileylənib.