23:38, 08 Mart 2018 (Cümə axşamı) 245

"Nəinki Avropada, heç Gürcüstanda şagirdlərdən pul yığıla bilməz"

Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində valideynlər məktəbdə pul yığılmasından şikayət edirlər.

Bu il də eyni narazılıqlar sosial şəbəkələrdə də səsləndirilir. 

Toplum Tv bayram ərəfəsi məktəblərdəki vəziyyətlə maraqlanıb. 

Bakı sakini Gültəkin Məmmədova deyir ki, oğlunun oxuduğu sinifdə 8 Martla bağlı pul yığma halı yoxdur: "Başqa sinifləri bilmirəm, ancaq oğlumun oxuduğu sinifdə belə hal yoxdu. 20-dən çox şagird var, onlardan ancaq 10-nun valideyni könüllü olaraq bayramlarda müəllimi hədiyyə, yaxud pul ilə təbrik edirlər. Fikrimcə, bu, müəllimlərin xarakterindən asılıdır. Hazırkı müəllimindən çox razıyıq. Oğlumun müəllimi bir dəfə də olsun deməyib ki, 8 mart üçün, yaxud hansısa bayram üçün pul yığırıq. Ancaq ibtidai sinifdə oxuyarkən müəllimi dəfələrlə onu kənara çəkib məbləğini bildirərək, pul tələb etmişdi. Əgər müəllimlərə layiq olduqları dəstək verilmirsə, bunu ən azından hörmət naminə biz valideynlər etməliyik. Yəqin ki, müəllimin maaşı çox olsa, bu hallar da baş verməz”.  

Valideyn Raminə Ağayeva isə belə deyir: "İki məktəbli valideyniyəm.  Bəli, hər il bizim məktəbdə də valideyn komitələrinin rəhbərləri əl-ayağa düşür. Açığı, məcburiyyət və icbari yığım olmur, amma hər bir halda pul yığma prosesi var. Maraqlanmışam, 25-50 manatarası olur. İnanin ki, ćox halda valideynlər pul yığımına can atırlar. Müəllimə hörmət, ehtiram əlaməti olaraq gül və yaxud da hədiyyə verilə bilər, əlamətdar gündə şağird müəllimini bu cür təbrik edə bilər, ancaq pul yığımına qarışmıram və vermirəm.  Düşünürəm ki, müəllimlərin normal, sosial rifahı dövlət səviyyəsində tam bərpa olunmayana qədər "pul yığımı"ənənəsinin də kökü kəsilməyəcək”.

Günəş Rüstəmovanın dediklərinə görə, 2 övladının da oxuduğu məktəbdə bu məsələ valideynlər tərəfindən qaldırılır: "Uşaqlarım balaca olanda məktəblərdə bu söhbət çox eybəcər səviyyədə idi, amma o eybəcərliyi valideynlər yaratmışdı. Qızımın məktəbində nəinki 8 mart, hətta gül bayramında da müəllim üçün pul yığırdılar. Bir gün bezdim və imtina elədim. "8-ci kilometr bazarı açmısınız", - dedim və o gündən etibarən heç bir tədbirlə bağlı mənə "pul ver" deyən olmadı. Hətta qızımın müəlliməsi deyirdi ki, sizin uşaq çox savadlıdır, ona qətiyyən əziyyət çəkmirəm, xahiş edirəm heç vaxt mənimçün nəisə etmək barədə düşünməyin. Müəllimə hədiyyə etmək ürəyimdən keçirsə edirəm, etmədiyim heç nəyə görə heç kim səsini çıxartmır. Mən hər iki uşağımın məktəbində çox mübarizə aparmışam, ona görə valideynlər mənim yanımda pul barədə səslərini çıxartmırlar”.

İki övladı məktəbli olan valideyin Gülxanım İsmayılzadə isə bildirir ki, övladlarının oxuduğu məktəbdə pul yığmaq kimi bir məcburiyyət yoxdu: "Elə müəllimlər var ki, müəyyən məbləğ istəyir, ancaq mən nə qızımda, nə də ki oğlumun müəllimlərindən belə bir tələb görməmişəm. Valideynlər könüllü edirlər, ildə iki dəfə, Müəllimlər Günü və 8 Martda övladlarımın müəllimini təbrik edirəm. Düşünürəm ki, müəllimə olsam, mən də istəyərdim ki, şagirdim təbrik etsin.  Biz yaşadığımız Maştağa kəndində insanların əksəriyyəti az gəlirlidir. Kimin nəyə imkanı çatırsa, müəllimi elə təbrik edir. Biz valideynlərlə yığışıb hər bayramda gül dəstəsi, yaxud da kiçik bir hədiyyə alırıq. Müəllim övladlarımın təhsili üçün əziyyət çəkir, günün yarısını uşaqlarımın yanında olur. Düşünürəm ki, bunun qarşılığını dövlət tərəfindən ala bilməsə də, valideynlər tərəfindən almalıdır, onsuz da maaşları azdı, bu maaşla onların xoşbəxt olması qeyri-mümkündür". 
 
 

Təhsil eksperti Kamran Əsədov məsələyə münasibətində bildirib ki, hər il orta məktəblərdə Təhsil Nazirliyi ciddi mübarizə aparsa da, 8 Mart öncəsi pul yığılır: "Bu proses hər il bütün bayramlar öncəsi gedir. Maraqlıdır ki, bu bayramların obyekti daha çox xanım müəllimlər olur. Həm Müəllimlər Günündə, həm 8 Mart Beynəlxalq Qadınlar Günündə bu xoşagəlməz hal baş verir.  Diqqəti çəkən odur ki, əvvəllər məktəblərdə əlamətdar günlərlə bağlı pulu direktor, onun müavini, sinif rəhbəri və ya müəllimlər yığırdısa, indi bunu Müəllim - valideyn Komitəsi edir. əminliklə deyə bilərəm ki, orta məktəblərdə direktorun icazəsi olmadan pul yığıla bilməz. Əlbəttə ki, cəmiyyət onu dünyaya gətirənə, ona elm öyrədənə təşəkkür etməlidir, onu təbrik etməlidir. Amma bu heç də kütləvi şəkildə məcburi qaydada pul yığımı ilə həyata keçrilməməlidir. Bayramlar münsibəti ilə artıq son illər məktəblərdə normal tədbirlər keçirilmir. Ssenari eynidir, ancaq pul yığılması. Amma Rusiyada, Gürcüstanda bununla bağlı xüsusi proqram hazırlanır, məktəblərin öz fəaliyyət dərnəkləri xüsusi proqramlar nümayiş etdirirlər. Avropanı, Amerikanı demirəm, Gürcüstanda belə heç bir əlamətdar gündə şagirdlərdən pul yığıla bilməz, hətta valideyinlər istəsələr belə, bunu edə bilməzlər. Müəllimlərin özü buna imkan verməz. Bizdə isə aşağı əmək haqqını bəhanə edib müəllimlər hər bayram günü gözlərini şagirdlərin əllərinə dikirlər. Pul verməyən şagirdə qarşı isə çox pis münasibət olur. Ona psixoloji təzyiq edirlər. Təəssüf ki, buna yol verən müəllimlərimizin sayı heç də az deyil".

Lalə İsgəndərli
Toplum.Tv