14:26, 08 Fevral 2018 (Cümə axşamı) 20

Neft Fondunun aktivləri artıb

Neft Fondunun aktivləri artıb
Dövlət Neft Fondunun 2017-ci il hesabatı yayılıb. Rəsmi məlumata görə, gəlirlər 12 milyard 137,5 milyon manat, xərclər 11 milyard 15,5 milyon manat olub.

Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 11 milyard 53,9 milyon manat göstərilir. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin 1 milyard 83,6 milyon manat olduğu bildirilir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq 876,2 milyon gəlir gətirib.

Ötən il dövlət büdcəsinə 6 milyard 100 milyon manat vəsait transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 105 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb. 17 milyon manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili proqramının maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 3 milyard 949,5 milyon manat Mərkəzi Banka köçürülüb "Star” neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb.

Fondun idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat olub.

2018-ci il yanvarın 1-nə Neft Fondunun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8,02 faiz artaraq 35 milyard 806,5 milyon ABŞ dollarına çatıb.