13:36, 22 İyun 2018 (Cümə) 186

Nazirlikdən Lavrova düzəliş

Nazirlikdən Lavrova düzəliş
BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməyib və onların icrasının öz aktuallığını saxlayır. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin iyunun 21-də Moskvada mətbuat konfransında RF İN rəhbəri Sergey Lavrova cavabında deyilir.

H. Hacıyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.

874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan "TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün "təxirəsalınmaz tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli" adlı sənəd alqışlanır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.

H.Hacıyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının mandatı əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinə BMT TŞ-nın qətnamələrinin icrası həvalə edilib. Qəbul edilmiş 884 saylı qətnamənin sonuncu bəndində deyilir ki, BMT baş katibi Minsk Qrupu ilə məsləhətləşərək vəziyyət haqqında Təhlükəsizlik Şurasına məruzə etsin.

H. Hacıyevin sözlərinə görə, BMT baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: "BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır".

"BMT TŞ-nın qətnamələrinin mətnindən göründüyü kimi, icra olunmayana qədər onların vaxt məhdudiyyəti yoxdur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tamamilə aydın yanaşma nümayiş etdirir. Qətnamələr münaqişənin həllinin siyasi-hüquqi, o cümlədən beynəlxalq humanitar hüquqi əsaslarını formalaşdırır.

BMT TŞ-nın qətnamələrini və həmsədr ölkələrin eləcə də BMT TŞ-nın daimi üzvləri olduğunu əsas tutaraq, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən bu qətnamələrin tələblərinin yerinə yetirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edirik", - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Sergey Lavrov BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu və bu qətnamələrin qanlı hadisələri dayandırmağa, onu siyasi dialoq məcrasına daşımağa imkan verdiyini bildirib.