11:59, 17 May 2018 (Cümə axşamı) 233

Nazirlik Laçının işğalının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb

Nazirlik Laçının işğalının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Laçın rayonunun işğalının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub: «İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. Hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib».

H.Hacıyevin bildirməsinə görə, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb: «Laçın Tarix Muzeyi, onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin, talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda «Sotheby's» auksionunda 80 min ABŞ dollarına satılıb».