11:33, 10 Avqust 2018 (Cümə) 644

"Nazirlik “Bloklama Mərkəzi”nə çevriləcək" - ŞƏRH

Avqustun 8-də Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında "arqument.az”, "xural.com” və "monitor.tv” saytlarını bloklayıb. 

Hüquqşünas Ələsgər Məmmədli baş verənləri media azadlığına çox ciddi basqı kimi qiymətləndirir: "Azərbaycanda artıq media azadlığının olmadığı açıqca ortadadır. Çünki Konstitutsiyanın 50-ci maddəsi KİV-nin azadlığına dövlət zəmanət verir desə də, nazirlik bütün bu təminatları alt-üst edib. Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin bilmirəm hansı ibtidai sinif şagirdi səviyyəsində və ya daha da az bilgili olan şəxslər bu məsələ ilə məşğul olur. Yerindən qalxan ittihamı məhkəməyə götürərək və ya heç məhkəmə qərarı olmadan  saytlara blok qoyur”.

Media üzrə ekspert deyir ki, böhtana görə saytın bloklanması absurddur: "Çünki böhtan konkret olaraq Cinayyət Məcəlləinin 147-ci maddəsi xüsusi ittiham zamanı baxılan işdir”.

Hüquqşünas qeyd edib ki, əgər kimsə ona qarşı böhtan olduğunu iddia edirsə, bunu məhkəmədə isbat etməlidir: "İsbat etməsi üçün də 3 faktor var. İnformasiyanın yalan olmasını sübut edə bilməlidir, həmin yalan informasiyanın yayılması qəsdlə olmuş olmalıdır, həmin informasiya KİV-lərdə yayılmalıdır. İndiki halda "arqument.az”-ın bağlanılmasına əsas kimi göstərilən Laçın Rayon İcra Hakimiyyəti başçısından sakinlərin şikayətçi olmasıdır. Bununla bağlı konkret hadisə və şikayətçilər var. Həmin şəxslərin etirazları, ifadələri, şəkilləri, ad soyadları bəllidir. Ayrıca yalan böhtan və qəsd yoxdur. Qarşı tərəfin mövqeyi də alınıb. Beləliklə, mahiyyət etibarilə burada idarəetmədəki problemdən söhbət gedir. Tənqidi medianı susdurmaq ifadə azadlığını konkret olaraq yox etməkdir. Təəssüf edirəm ki, nazirlik də bu hadisədə maşa rolunu oynayır. Bu da media azadlığını dərk etməməklə bağlıdır". 

O əlavə edib ki, xüsusilə üzərində durulmalı digər bir məqam isə məhkəmələrin müti şəkildə verilən sifarişləri icra etməsidir: "Hakimlər və məhkəmələr müstəqil olmalıdır. Bu tip iddiaları irəli sürənlərin yolunu kəsməlidir. Belə şifarişlərə gözünü yumub, imza atan hakimlər olduğu müddətcə Azərbaycanda nə media azadlığının qarantiyası olacaq, nə də, ümumiyyətlə, ifadə azadlığından söbət gedə bilər. Konstitutsiyanın 47 və 50-ci maddələri kifayət qədər ayaq altına atılmaqdadır. Legitimlikdən uzaq bir qanuna istinad edilir. "İnformasiya və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun"a əlavə olunan 13-cü maddə kifayət qədər legitimlikdən uzaq və media azadlığının mahiyyətinə zidd maddədir. İndiki halda da bu maddəyə istinad olunub məhkəməyə müraciət etmədən kütləvi bloklama aparıldı, sonra bu tip məhkəmələr vasitəsi ilə tənqidi saytların axırına çıxmaq hədəflənib".

O deyir ki, bütün interneti bağlamadıqları müddətcə bu üsul işə yaramayacaq: "Yekunda onu qeyd edim ki, bir an öncə Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi bu məsələlərdən əl çəkməlidir. Azərbaycanda media siyasətini aparan şəxslər oturub düşünməlidir. Azərbaycan mediasını bu vəziyyətə salınmasında onların ciddi məhsuliyyət daşıdığını dərk etməlidirlər. Çünki ölkə ciddi şəkildə informasiya təhlükəsizliyi problemləri ilə üz-üzə qalır. Hətta özlərinə yaxın resursları da qapadırlarsa, sonra da kütləvi şəkildə alternativ fikir söyləyən saytları da qapadırlarsa, icra başçısını tənqid edən mediaya da dözümləri olmayan bir media mühiti düşünürlərsə, bu, media deyil. Ələbaxımlı hər hansı təbliğat vasitəsi kimi xırda pəncəciklər olacaq. Azərbaycan rallıqları isə başqa mühitdə səsləndiriləcək".

Media eksperti Xalid Ağalıyev isə deyir ki, bizim məhkəmələrin bloklama təcrübəsi Avropa Məhkəməsinin uygun təcrübəsinə tamamilə ziddir: "Avropa Məhkəməsinin bu durumlarla bağlı təcrübəsi kifayət qədər aydındır. Məhkəmə deyir ki, ifadə azadlığına müdaxilə eləmək olar, üsul kimi blok etməni də seçə bilərsiniz. Ancaq qanun zidd olan məzmunun özünə müraciət məhdudlaşdırıla, bu yazının çıxarılması və sair üsulla edilə bilər. Məqalə, doğrudan da, ifadə azadlığının sərhədlərini aşırsa, ona müraciət məhdudlaşdırıla bilər, ancaq məqalənin yayıldığı resursun özünün, dolayısı ilə milyonlarla məqalənin blok edilməsi yolverilməzdir. Bu işlər Avropa Məhkəməsinə yəqin ki, gedəcək və Azərbaycanın imicini heç də ucaltmayacaq qərarlara gətirib çıxaracaq. Ümumiyyətlə, bu müstəvidə son həftələrdə çox pis tendensiyalar müşahidə olunur. Bu, Azərbaycanda ifadə azadlığına sağalmaz yaralar vurur. Hökumət buna son verməlidir, belə tendensiya işıqlı gələcək üçün yaxşı heç nə vəd etmir".

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə məsələni belə izah edib: 

"1. 2017-ci ilədək hansısa saytın bloklanması prosesi şəffaf deyildi. Xəbər saytının rəhbəri səhər duranda saytı bloklanmış tapa bilərdi. Hətta bağlanılması üçün ciddi əsaslar olsa belə, adətən bu haqda məlumatlar açıqlanmırdı. Hansisa bir məhkəmə çəkişməsi olmurdu. Həm də, adi bir deputat köməkçisi, hansıa bir məmur, deputat, nazir köməkçisi də provayderə, az qala göstərişlər verirdilər ki, onun şefini tənqid edən saytlara blok qoyulsun. Xoşagəlməz bir tendensiya vardı. 2. 2017-ci ilin martından "İnformasiya, informasiyalaşama və informasiyanın mühafizəsi haqqında" qanuna və digər müvafiq hüquqi sənədlərə dəyişiklik və əlavələr oldu və saytların bloklanması üçün hüquqi proseduralar müəyyən edildi. Qanunda mübahisəli məqamlar da oldu və Azərbaycan İnternet Forumu olaraq biz buna münasibət sərgilədik. 
Yayılması qanunla qadağan olunan informasiyaları açıqlayan saytların bloklanması səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verildi. Nazirlik bunu hətta məhkəmə qərarı olmadan da edə bilərdi. Bəkbon(magisral) provayderlər artıq NRYTN-in məktubu olmadan saytları heç bir halda bloklamırlar. 
Qanunda müzakirə predmeti olan mübahisəli məqamlar, spesifik məqamlar çox olsa da, istənilən halda hüquqi proseduraların olması müsbət addım hesab oluna bilər.

3. Qanun qəbul ediləndən sonra onun tələblərinin pozulması iddiası ilə təxminən 30-40 resursa ölkə ərazisindən giriş bağlanıb. Onlar arasında məhkəmə qərarı olmayanlar da var. Statistika olmadığından müşahidələr əsasında demək olar ki, NRYTN daha çox xəbər resursları haqqında məhkəməyə müraciətlər göndərib.
Bağlanılması üçün ancaq xəbər resurslarının, internet media qurumlarının üzərinə diqqətin yönəldilməsi, saytda konkret qadağan olunan informasiyanın linkinin deyil , bütövlükdə saytın bloklanması həyata keçirilir ki, bu da xoşagələn hal deyil. Təxminən belə bir situasiya alınır ki, kitabxanada bir kitab zərərlidirsə qadağa həmin kitaba yox, birbaşa kitabxanaya tətbiq olunur".

O düşünür ki, bu, ölkədə həm dayanıqlı milli informasiya mühitimizin inkişafı baxımından, internet azadlığı baxımından və informasiya təhlükəsizliyi baxımından ciddi problemlər yarada bilər: "NRYTN-in müxtəlif icra qurumlarından daxil olan müraciətləri, fikrimcə, dərhal məhkəməyə yönləndirməsi də xoşagələn bir hal deyil. Bu, gələcəkdə daha pis praktika yarada bilər. Fikrimcə, nazilrlik məhkəməyə göndərməzdən öncə, hüquqi cəhətdən, kontent və İT üzrə bir araşdırma aparması da doğru olardı.
Xüsusilə də, təhqir, yalan və böhan iddiası ilə bəzi icra qurumlarından daxil olan müraciətlərin ilk öncə Mətbuat Şurası və digər əlaqəli qurumlar və ekspertlərlə birgə ilkin araşdırmasının keçirilməsi daha doğru olardı.

 4. Qanun qəbul olunanda biz bu sahə ilə əlaqəli ixtisaslaşmış məhkəmələrin olmasının zəruriliyini qeyd etmişdik. Artıq belə bir problem özünü göstərir. Əlbəttə, bütün dünyada, o cümlədən də bizdə də açıqlanması qanunla qadağan olunan informasiyaların yayılması halları olur.Amma ola bilər ki hansısa internet media resursunun bağlanması ilə əlaqəli maraqlı tərəflər də olsun, maraq toqquşmaları olsun, kiminsə xoşuna gəlməyən saytalr olsun, bu baxımdan bu tip məsələlərdə peşəkar məhkəmə çəkişməsi xüsusi əhmiyyət kəsb edir. Həm də internet və texnologiyalarla bağlı məhkəmə çəkişməsi üçün peşəkar hakimlərin və məhkəmə heyətinin olması da zəruridir. Saytların bloklanması ən son addım olmalıdır. Uzun illər formalaşmış, yaradıcı şəxslərin, jurnalistlərin çalışdığı resursun taleyi ilə bağlı məhkəmə çəkişməsində Mətbuat Şurasının və digər aidiyyatı qurumların iştirakının təmin edilməsi, məzmun və İT üzrə (ilkin mənbə üzrə) ekspertizaların keçirilməsi çox vacibdir. Təəssüf ki, hələlik bu istiqamətdə problemlər qalmaqdadır.

5. Yuxarıda adı çəkilən qanun tələb edir ki, NRYTN bloklanan saytların siyahısını tərtib etməlidir və bu açıqlanmalıdır. Provayderlər məhz bu siyahı əsasında saytlara giriş-çıxışı bağlamalıdırlar. "Qara siyahı” adlandırdığımız bu onlayn resurs hələ də hazırlanmayıb. Eyni zamanda bloklanan saytlara daxil olduqda "This site can’t be reached” mesajı yox, qanunvericiliyin tələbi ilə resursun qapadılması ilə bağlı məhkəmə qərarı haqqında məlumat monitorda görsənməlidir. Ümumiyyətlə, yaxşı olardı ki NRYTN qanunvericilikdə nəzərdə tutulduğu qaydada bloklanan saytlarla bağlı ayrıca bir internet resurs hazırlasın və ya Elektron Təhlükəsizlik Mərkəzinin internet resursunda bununla bağlı bir bölmə yaratsın".

O qeyd edir ki, bu porsesdə şəffaflıq təmin olunmalıdır: "Məhkəmə qərarı ilə və belə bir qərar olmadan bloklanan saytlar, məhkəməyə olan müraciətlər, nazirliyə bloklanma ilə bağlı daxil olan müraciətlər, xəbərdarlıq olunan saytlarla bağlı məlumatlar, bloklanmadan çıxarılan resurslarla bağlı məlumatlar bu resursda yerləşdirilməlidir. Əks halda, nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi məmurların və icra qurumlarının müraciət etdiyi "Bloklama Mərkəzi”nə çevriləcək".

Gülzar N. Məmmədli
Toplum Tv