21:02, 09 Mart 2018 (Cümə) 90

Nazirlərin ilk dördtərəfli görüşü keçiriləcək

Nazirlərin ilk dördtərəfli görüşü keçiriləcək
Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçirilməlidir.

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, bu barədə martın 9-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edərkən bildirib.

Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, E.Məmmədyarov deyib ki, dördtərəfli görüşün məqsədi hərtərəfli regional əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

"Dörd ölkənin xarici işlər nazirlərinin görüşü hərtərəfli regional əməkdaşlığa təkan verəcək yeni formatdır", – deyə Məmmədyarov vurğulayıb.

Gürcüstanın müdafiə naziri ilə görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülhün təmin olunmasına, iri nəqliyyat, enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.