14:19, 14 Mart 2018 (Çərşənbə) 211

Nazir təlimlərdə olub

Nazir təlimlərdə olub
Azərbaycan Ordusunun martın 12-də başlayan təlimlərindən yeni xəbərlər var.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Martın 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub. Rəsmi məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qisimlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən nazir döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Həmin gün təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər. Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənib.